Sen 13, 2016 15:41 Asia/Baku
  • Putinin müşaviri: “Rusiya Azərbaycanla hərbi əməkdaşlığı gücləndirəcək”

Putinin müşaviri: “Rusiya Azərbaycanla hərbi əməkdaşlığı gücləndirəcək”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri postuna Ermənistan nümayəndəsi təyin edildikdən sonra Rusiya Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməyə çalışacaq”.

 

Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq, prezident Putinin etibarlı şəxsi, Rusiya Federasiyası İctimai Palatasının üzvü Sergey Markov təşkilatda gözlənilən baş katib dəyişikliyini “Trend”ə şərh edərkən bildirib.

 

Qeyd edək ki, az öncə qurumun hazırkı baş katibi, general Nikolay Bordyuja bəyan edib ki, yeni baş katibin adı KTMT-nin sentyabrın 14-də İrəvanda keçiriləcək iclasında bəlli olacaq və o, Ermənistan nümayəndəsi olacaq. Bu açıqlamadan bir neçə gün sonra “İnterfax” həmin şəxsin Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyanın olacağı haqda məlumat yayıb.

 

“Ermənistan KTMT-nin tamhüquqlu üzvüdür. Ona görə də onun nümayəndələri qurumda hansısa vəzifə tutmaq hüququndan məhrum edilməyiblər. Ancaq bu halda mən düşünürəm ki, Rusiya belə bir təyinatın Bakıda neqativ qəbul ediləcəyini anlayır. Rusiya Azərbaycana da mühüm müttəfiq kimi baxır. O səbəbdən fikrimcə, KTMT-yə erməni şəxsin başçı təyin olunması hərbi və hərbi-texniki sahədə Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrində hansısa başqa formatlarla Moskva tərəfindən kompensasiya ediləcək”, - deyə politoloq rəsmi Bakını sakitləşdirib.

 

Onun sözlərinə görə, Ermənistan nümayəndəsinin KTMT rəhbərliyinə gətirilməsi Rusiyanın Dağlıq Qarabağ konfliktinin həllinə yönəlik səylərinə təsir göstərməyəcək. Markovun qənaətincə, bu gün münaqişənin nizamlanmasında ciddi sıçrayış üçün real imkanlar var.

 

“Ola bilsin ki, erməni siyasətçinin yüksək vəzifəyə təyinatı elə Ermənistan üçün hansısa kompensasiya formatıdır” – Putinin müşaviri vurğulayıb.

 

Politoloq etiraf edib ki, KTMT-nin yeni başçısı Ermənistanın digər təşkilatlardakı bütün nümayəndələri kimi, Dağlıq Qarabağ məsələsində başqa ölkələri və təşkilatları Ermənistan tərəfə çəkməyə çalışacaq: “Lakin mən düşünmürəm ki, o, bu yöndə hansısa uğura nail ola bilər. Məsələ ondadır ki, KTMT-nin başqa ölkələri, o sırada Qazaxıstan və Qırğızıstan Azərbaycana qarşı xoş münasibətdədir və çoxsaylı dindaş-müsəlmanın yaşadığı türk və dünyəvi Azərbaycanın simasında özlərinə dost və mədəniyyət baxımındam yaxın bir ölkə görürlər”.

 

Bununla belə, ekspert hesab edir ki, KTMT baş katibi postunda müxtəlif ölkələrin nümayəndələrinin əvəzlənməsinin arzu edilməsi haqda söhbətlər çoxdan gedir və belə görünür ki, təşkilatda baş katibin əvəzlənməsi müntəzəm şəkildə baş verəcək.

 

“KTMT formatı ona kimin rəhbərlik eləməsindın asılı olmayaraq saxlanılacaq” – politoloq sonda əlavə edib.

 

Yada salaq ki, general Nikolay Bordyuja 2003-cü ildən KTMT baş katibi vəzifəsini icra edir. O, 3 dəfə bu posta təkrar seçilib.

Teqlər