Noy 30, 2020 15:18 Asia/Baku
  •  İRNA Xəbər Agentliyi Zəngilan-Naxçıvan dəhlizinin reallıqlarından yazıb

Zəngilan-Naxçıvan dəhlizinin yaradılması İranın Ermənistanla sərhədində hansısa coğrafi dəyişikliyə səbəb olmayacaq.

SəhərAzəri xəbər verir ki, Jurnalist Niknam Bəbrinin İRNA üçün yazdığı məqalədə deyilir:

Dağlıq Qarabağda atəşkəs anlaşmasının şərtlərində təhlükəsizlik və siyasi məsələlərlə yanaşı, iqtisadi və ticari məqamlar da var. Bəziləri hesab edir ki, bu atəşkəs razılaşması ilə İran Ermənistanla sərhədini itirəcək. Məsələ ondadır ki, Azərbaycan İrəvandan Xankəndiyə əsas yol olan Laçın dəhlizinin açıq qalmasına, üstəlik, orada magistral yolun çəkilişinə razılıq verib. Bunun müqabilində isə Ermənistan ərazisindən, onun cənubundakı Qafan şəhərindən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yol açılmalıdır. Bu yol Qarabağın cənubunda yerləşən, işğaldan yeni azad edilmiş Zəngilandan başlayaraq, Qafan vasitəsilə Naxçıvana uzanacaq. Lakin İran-Ermənistan sərhədi bu iki ölkəyə aiddir və onların sərhəd xəritəsində heç bir dəyişiklik olmayacaq.

Əlbəttə yeni transit yolundan fəal istifadəyə başlanılması barədə bir sıra önəmli məqamlar var. Birincisi, məsələ hələ müzakirə mərhələsindədir və onun reallaşdırılmasına çox var. Bundan başqa, bu dəhlizin tam işlək vəziyyətə gətirilməsinə mane olacaq amillər də yox deyil. Əvvəla, yolun təhlükəsizliyi Rusiya sərhədçiləri tərəfindən təmin olunacaq. İkincisi, Ermənistan xalqı və hökumətində müharibənin nəticəsindən yaranmış qəzəb Dağlıq Qarabağda tezliklə tam sülhün bərqərar edilməsinə mane ola bilər. Aparılan sorğular göstərir ki, ermənilərin əksəriyyəti atəşkəsin nəticələrindən narazıdır.

Demək, vəziyyətin tam normallaşmasına və bölgədə yeni tranzit yolunun tam işlək vəziyyətə gəlməsinə hələ çox var.

Digər tərəfdən, İran bir çox böyük tranzit marşrutlarının üzərində yerləşir. O, xüsusi geosiyasi mövqeyi, təhlükəsizliyi, sabitliyilə region ölkələri üçün əlverişli ticarət marşrutudur. İndi isə Azərbaycanın İranla həmsərhəd olan rayonlarının işğaldan azad edilməsilə, Azərbaycanla İran arasında yeni sərhəd-keçid məntəqələri də yaranacaq. Ərazi son 30 ildə Ermənistanın nəzarətində olduğundan, bu sərhəd istifadəsiz qalmışdı. İndisə Azərbaycan dövləti İranla Arazın o tayında, təxminən 130 kilometrlik sərhəddə elektrik təchizatı sahəsində sıx əməkdaşlığa başlamaq əzmindədir.

Beləliklə, Ermənistan ərazisindən Naxçıvana yeni yolun açılması, kommunikasiyaların qurulması ilə İran sərhədi nəinki əhəmiyyətini itirməyəcək, bəlkə də əksinə, o, bölgədə iqtisadi fəaliyyətini daha da gücləndirəcək. Bu isə həm İran, həm də Azərbaycan üçün qarşılıqlı faydalı perspektivlər açacaqdır.

Teqlər