İran ABŞ-ın Rəşt-Astara dəmir yolu müqaviləsi ilə bağlı narahatlığını rədd edib
Kənani: Regional əməkdaşlığımız təhlükəsizlik, inkişaf və ortaq rifah üçündür
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Rəşt-Astara dəmir yolu müqaviləsinin imzalanması ilə bağlı səsləndirdiyi narahatlığa münasibət bildirib.
İran Press xəbər agentliyinin məlumatına görə, Nasir Kənani tvitində yazıb: “İran və Rusiya prezidentləri tərəfindən Rəşt-Astara dəmir yolu müqaviləsinin imzalanması, həmçinin İran prezidenti və Pakistan baş nazirinin iştirakı ilə müştərək sərhəd layihələrinin istifadəyə verilməsi İranın əməkdaşlığa əsaslanan qonşuluq strategiyasının davamıdır. Burada təhlükəsizlik, inkişaf və ortaq rifah ölkələrimizin əsas məqsədidir. Amerikanın bu mövzuda narahatlığı əsassızdır.
Qeyd edək ki, ABŞ hökuməti Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı xəbərlərdən narahatlığını bildirib.
Dövlət departamentinin rəsmisi Vedant Patel deyib ki, Vaşinqtonun fikrincə bu layihə “İran və Rusiyaya sanksiyalardan yan keçməyə kömək edəcək”.
ABŞ təmsilçisi hadisələrin belə bir inkişafına qarşı tədbirlər görüləcəyini vurğulayıb.
“Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə Moskvanın 1,3 milyard avro kredit ayıracağı gözlənilir.
Mayın 17-də keçirilən tədbir zamanı İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə İran və Rusiya üçün deyil, bütün region ölkələri üçün faydalı olacaq. Şərqi və Cənubi Asiyadan Qafqaza və Şimali Avropaya gedən bu marşrut bütün bu ölkələr arasında dostluğun, sinerjinin, ticarət-iqtisadi əməkdaşlığın təzahürü olacaqdır.
Rəisinin sözlərinə görə, Rusiya Federasiyası və bu dəhliz üzərində olan ölkələrin hamısı bilir ki, İran marşrutu ticarət, iqtisadi və tranzit işləri üçün ən ucuz, iqtisadi və ən yaxın marşrutdur.