Avq 01, 2020 08:30 Asia/Baku
  • Soltan Məmmədov: “Ermənistanın məqsədi danışıqlar prosesini pozmaqdır”

Deputat: “Ermənistan rəhbərliyinin son bəyanatları, atdığı addımlar bir daha göstərir ki, onların yeganə məqsədi danışıqlar prosesini pozmaq, hazırkı status-kvonu qoruyub saxlamaqdır. Lakin bu vəziyyət sonsuza qədər davam edə bilməz”.

SəhərAzəri bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədov bu fikirləri APA-ya verdiyi müsahibədə səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında münaqişənin həlli ilə bağlı söylədiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini əks etdirir: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan davamlı və etibarlı sülhün əldə edilməsi mümkünsüzdür. Cənab prezidentin də vurğuladığı kimi, sülhə nail olmaq üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş əraziləri tərk etməlidir. Beynəlxalq hüquq baxımından və münaqişənin ədalətli həlli üçün bu ən mühüm məsələdir. Bu, nə qədər tez baş versə o qədər hamı üçün faydalı olar. Azərbaycan onsuz da gec-tez öz torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. Bu Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir”.  

Deputat bildirib ki, indiki geosiyasi şərtlər, dünyada gedən proseslərin mahiyyəti, iqtisadi və hərbi reallıqlar Ermənistanın xeyrinə deyil və zaman keçdikcə işğalçı ölkənin vəziyyəti daha da pisləşir. Onun fikrincə, Ermənistan hökuməti reallıqları düzgün qiymətləndirməlidir: “Əks halda ölkə daha ağır problemlərlə qarşılaşacaq”. Soltan Məmmədov çoxqütblü dünya düzəninin formalaşdığı bir dövrdə Paşinyan hökumətinin qeyri-peşəkar xarici siyasətinin Ermənistan üçün böyük problemlər yaratdığını deyib: “Paşinyan və onun komandası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlarında da ardıcıl səhvlər buraxır. İndiki şərtlərdə danışıqların formatını dəyişmək, əlavə şərtlər irəli sürmək faktiki olaraq, danışıqları pozmaq deməkdir. Bu isə münaqişənin yenidən alovlanması, hərbi əməliyyatların başlaması ehtimalını artırır. Hərbi əməliyyatların başlamasından ən çox zərər görən isə Ermənistan olacaq, bu birmənalıdır”.

 

Teqlər