Apr 11, 2021 09:03 Asia/Baku
  • Qum Elmi Hövzəsinin ruhaniləri Hacı İlham Əliyevə qarşı sürülən ittihamların ləğv olunmasını istəyir

Qum Elmi Hövzəsində təhsli alan Azərbaycan Respublikasının ruhaniləri növbəti dəfə həbs olunan ruhani Hacı İlham Əliyevlə bağlı bəyanat yayıb.

 

SəhərAzəri xəbər veriri ki, sənəddə, ötən il fevral ayının 29-da AR Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılaraq həbs edilən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevə qarşı sürülən ittihamlara xitam verilməsi istənilir.

Bəyanatda deyilir:

“Mehriban və Bağışlayan Allahın Adı ilə!

Ölkəmizdə artıq bir neçə onillərdir ki, Əhli-beyt (əleyhimus-səlam) məktəbinə və şiəliyə qarşı “qara piar” davam etməkdədir. Azan qadağası, məscidlərin dağıdılması, hicaba qoyulan qadağalar, şiə alimlərinin və ictihad həddinə yaxın olan şəxsiyyətlərimizin müxtəlif qurama maddələrlə şərlənərək təqib olunmaları, həbs edilmələri, Məhərrəmlik və Aşuranın keçirilməsinə qoyulan qadağa, Müqəddəs Qum, Məşhəd, Nəcəfi-Əşrəf və Kərbəlada mükəmməl din təhsili alan şiə ruhanilərinin minbərlərdə xütbə oxumalarına rəsmi icazə verilməməsi, toplumun sıx olduğu bir çox ictimai obyektlərin açıq olduğu bir vaxtda kovid-19 bəhanəsi ilə məscidlərin bağlı qalması və dini ayinlərin keçirilməsinin qadağan edilməsi, bu və baş verən bu kimi halların hamısı Əhli-beyt (əleyhimus-səlam) Məktəbi və onun davamçılarına qarşı aparılan “qara piar”ın bariz nümunəsidir.

Ötən il, 2020.02.29 tarixdə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Azərbaycan Respublikasının ən dəyərli ustadlarından biri sayılan, ömrünü İslam dini və Əhli-beyt (əleyhimus-səlam) Məktəbinin öyrənilməsi və öyrədilməsində sərf edən şəxsiyyətlərdən biri olan Hacı İlham Əliyevi yaşadığı evindən götürərək həbs etmişlər. Ona qarşı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, 2021-ci ilin Aprel ayının 1-də keçirilən sonuncu məhkəmə prossesində Hacı İlham Əliyevə dövlət ittihamçısı 18 il həbs cəzası verilməsini istəmişdir. Heç şübhəsiz ki, 12 aprel 2021-ci il tarixində, Bakı vaxtı ilə saat 12:00-da nəzərdə tutulan növbəti məhkəmə prossesində məhkəmə hakimi dəyərli şiə alimini ağır maddələrlə azadlıqdan məhrum etsin.

Gec-tez belə bir şərrlənmə hadisəsi ilə hər birimizin üzləşməsi gözlənilən olması ilə yanaşı həm də hər bir şəxsin vəzifə borcudur ki, zülmə yox deyərək məzlumun dadına çatsın. Buna görə də bizim ən azı görə biləcəyimiz iş bu qəbulolunmaz olayla əlaqədar etirazımızı bildirməklə məzlumun yanında olmağımızdır.

Biz, Qum Elmi Hövzəsində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları bildiririk ki, ölkə daxilində gedən bu xoşagəlməz addımlara son qoyulması üçün ciddi tədbirlər görülməli, xalqımızın əziz və dəyərli Ruhanilərindən biri olan Hacı İlham Əliyev başda olmaqla nahaq yerə həbs edilən digər dəyərli alim və ruhanilərimizin azadlığı təmin edilməlidir!

Sonda bildiririk ki, Hacı İlham Əliyevin məhkəmə prossesində yaxından iştirak etmək mümkün olmasa belə, sosial şəbəkələrdə aşağıdakı həştəklə Hacı İlham Əliyev və onunla birgə həbs edilən məzlumların hüquqlarını qorumaq hər bir şəxs üçün mümkündür.

#Zindan_Yusifleri

#Yusif_zindanda

#Şiə_Ruhanilərinə_Azadlıq

“…Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir.” (Quran Kərim, Talaq sürəsi, ayə 3)””

Teqlər