May 13, 2021 07:30 Asia/Baku
  • Azərbaycanda müqəddəs Fitr bayramı qeyd olunur

Hicri-qəməri təqvimi ilə bu gün şəvval ayının biri Fitr bayramıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Ramazan ayı bu il Azərbaycan Respublikasında miladi təqvimi ilə aprelin 14-də başlayıb. Fitr bayramı isə miladi təqvimi ilə mayın 13-nə təsadüf edir.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Bu il bayram namazları koronavirus pandemiyasına görə fərdi şəkildə qılınıb. İşğaldan azad edilmiş Şuşa şəhərində isə 29 ildən sonra ilk dəfə olaraq bayram namazı Hacı Şahin Həsənlinin imaməti ilə camaat şəklində qılınıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-kərim nazil olub. Həmin gecə "Qədr" gecəsi adlanır.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

Teqlər