İyun 10, 2021 10:22 Asia/Baku
  • Paşinyanın hərbi əsirləri oğlu ilə dəyişdirmək təklifi cavabsız qalıb

Azərbaycan dövləti Paşinyanın öz oğlunu bütün erməni əsirlərlə dəyişmək təklifinə münasibət bildirmir.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın hökumət başçısı Nikol Paşinyan Şirak bölgəsinin sakinləri ilə görüşündə bildirib: “Oğlum girov qismində Bakıya getməyə hazırdır”.

Paşinyan konkret olaraq Azərbaycan prezidenti İlham Əliyevə oğlu Aşotu bütün erməni hərbi əsirləri ilə dəyişdirməyi təklif edib.

Bir müddət əvvəl Paşinyanın oğlu Aşot da bildirib ki, girov qismində və ya istənilən başqa statusla Azərbaycana getməyə hazırdır.

Rəsmi Bakı hələlik bu təklifə heç bir reaksiya verməyib. Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bununla belə Paşinyanın təklifi Azərbaycan mediasının gündəminə çevrilib. Politoloq Elxan Şahinoğlu öz facebook paylaşımında yazıb: Azərbaycan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyinin mətbuat katibinin yerinə olsaydım, “oğlumu Azərbaycandakı əsirlərlə dəyirdirməyə hazıram” deməklə seçki öncəsi xal qazanmağa çalışan Nikol Paşinyana bir cümləlik bu cavabı göndərərdim: “Sənin müxtəlif məclislərdə kef çəkən oğlun bizə lazım deyil, göndərəcəksənsə “Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşın mina basdırmışıq, yerlərini biliriəm” deyən erməni polkovniki Koryun Qumaşyanı bizə yolla...”

Sabiq təhlükəsizlik zabiti İlham İsmayılın isə münasibəti belə olub: "Kimi kimlə dəyişirsiniz? Azərbaycanlıların qanını tökən, evini dağıdanlarla, işgəncə verən diversantları verib uşaq Aşotu niyə almalıyıq ki? Qatilləri, cinayətkarları bir uşaqla dəyişmək mənəviyyatı yalnız ermənilərə xas olan xislətdir. Bizim hədəfimiz Paşinyan, onun oğlu deyil, bizim  hədəfimiz vətənimizi düşmən işğalından azad etmək, bizə qarşı hərbi-mülki cinayətlər törətmiş erməni cinayətkarları cəzalarına çatdırmaqdır."-sitatın sonu.

 

 

 

Teqlər