İyul 09, 2021 10:22 Asia/Baku
  • Terror təhlükəsi Əfqanıstandan kənara yayılıb, ABŞ isə oranı tərk edir-AKTUAL ŞƏRH

Amerika prezidenti Co Bayden bu ölkə qüvvələrinin Əfqanıstanı tərk etməsini əsaslandırmağa çalışıb, məğlub olduqlarını isə etiraf etməyib.

SəhərAzəri-nin məlumatına əsasən, C.Bayden deyib ki, Əfqanıstanın gələcəyini müəyyənləşdirmək bu ölkə xalqının vəzifəsidir və Birləşmiş Ştatlar onun təhlükəsizlik qüvvələrinə maliyyə, texniki dəstək və Kabilə humanitar yardım göstərməyə davam edəcək.

O eyni zamanda terror təhlükəsinin Əfqanıstandan kənara yayıldığını bildirərək ona qarşı mübarizənin zərurətindən danışıb.

Müşahidələr onu deməyə əsas verir ki, vaxtilə 2001-ci ildə Taliban terroru və əl-Qaidəyə mübarizə bəhanəsilə Corc Buşun Əfqanıstana qoşun yeritdiyi vaxtdan bu günədək müsbətə doğru heç bir addım atılmayıb. Belə ki, nəinki Talibana qarşı real mübarizə aparılmayıb, hətta İŞİD terrorçularının da bu müsəlman ölkəsinə ayağı açılmışdır. Ona görə də Bayden ölkəsinin metastaza çevrildiyini iddia etdiyi terrorizmlə mübarizədə ciddi olmadığını etiraf etməli idi.   

Əslində Əfqanıstanda yaşanan olaylarla bağlı qeyd etmək lazımdır ki, ABŞ və onun müttəfiqlərinin Əfqanıstanda 20 illik işğal missiyası bu ölkədə "Taliban"ın güclənməsi və inkişaf etməsini təmin edib. Əfqanıstana demokratiya gətirmək, insan hüquqlarını inkişaf etdirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq sözünü verən Birləşmiş Ştatların bu ölkədəki hərbi mövcudiyyətini sürdürdüyü 20 il ərzində ən çox diqqət çəkən nəticə isə bundan ibarətdir ki, bu ölkədə narkotik plantasiyaları inkişaf edib və narkotik vasitələin dünya bazarına axını genişlənibdir. Bundan əlavə Əfqanıstanda etnik və dini zəmində də böyük bir problem hökm sürür.

Bəzi şərhlərə görə, ABŞ və NATO Əfqanıstanı tərk etmək planını işə salmaqla regionda yeni münaqişə, qaynar nöqtə və etnik, dini qarşıdurmalara zəmin yaratmağı planlaşdırmışlar.

 

Teqlər