Yan 09, 2024 12:50 Asia/Baku
  • İsrail ən bahalı müharibəsində məqsədlərinə çata bilmir

İsrail ən bahalı müharibəsində xeyli sayda itki versə də, məqsədlərinə çata bilmir.

Sionist rejim mediası bu rejimin Qəzzə müharibəsində misli görünməmiş itkilərinə toxunaraq bildirir ki, indiyə qədər bu müharibənin xərci 60 milyard dollara çatıb və əlavə olaraq, İsrailə qarşı qlobal nifrət də yayılıb və sionist sakinlər özlərini təhlükəsiz hiss etmirlər.

Təsnim Beynəlxalq Xəbər Agentliyinin xəbərinə görə, Qəzzədəki müharibənin üstündən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, sionistlərin bu müharibədə müxtəlif səviyyələrdə itkilərinin getdikcə daha çox aspektləri üzə çıxır. Sionist qəzeti Yediot Ahranot bu barədə etiraf edib ki, İsrail 60 milyard dollar xərc çəksə də, müharibədə elan etdiyi hədəflərin heç birinə nail olunmayıb.

Yeni statistikaya əsasən, Qəzzə müharibəsinin İsrail üçün xərci təxminən 60 milyard dollara çatıb.

Yediot Ahranot əlavə edib ki, Qəzzə müharibəsində iştirak etmək üçün orduya 360 min ehtiyatda olan əsgərin çağırılması İsrailə çox baha başa gəlib və son bir neçə gündə on minlərlə hərbçi azad edilsə də, hazırda onların xərci gündə 164 milyon dollara çatır.

Bu məlumata görə, israillilərə şəhər səviyyəsində, yəni yaşayış məntəqələri və onların sakinlərinin əmlakına dəymiş ziyan on milyardlarla şekelə çatıb və şirkətlərə təqribən 2,8 milyard dollar təzminat ödənilməlidir. Hesablamalar göstərir ki, Livanla həmsərhəd şəhərlərdə dövlət və şəxsi mülkiyyətə dəymiş zərərin məbləği 2 milyard dollara yaxın, Qəzzə zolağı ətrafındakı qəsəbələrdə isə 6 milyard dollara yaxındır.

Qəzet sonra qeyd edib ki, maddi itkilərlə yanaşı, Qəzzə müharibəsindən sonra İsrailə beynəlxalq dəstəyin səviyyəsi xeyli azalmış, bunun əksinə dünyada Fələstini dəstəkləyənlərin sayı artmışdır.

İsrail Maliyyə Nazirliyi bu yaxınlarda xəbərdarlıq edib ki, Qəzzədə müharibə davam edərsə, bu, İsrail iqtisadiyyatını 2024-cü ildə ciddi tənəzzül riski ilə üz-üzə qoyacaq və müharibə bir neçə cəbhədə yayılarsa, vəziyyət daha da pisləşəcək.

Beynəlxalq maliyyə agentlikləri də İsrail iqtisadiyyatının mənfi perspektivə və görünməmiş bir pisləşməyə doğru getdiyini vurğulayırlar.​

 

Teqlər