BMT xunta rejiminin etnik təmizləmə siyasətinə münasibət bildirir
Əhalinin Qəzzə zolağından məcburi köçürülməsi yolverilməzdir
BMT-nin nümayəndəsi Soto Nino bəyan edib ki, Qəzzə zolağından əhalinin məcburi köçürülməsi yolverilməzdir.
Onun sözlərinə görə, heç kim fələstinlilərin Qəzzədən kütləvi şəkildə köçürülməsini müdafiə etməməlidir.
BMT baş ofisinin sözçüsü onu da vurğulayıb ki, mülki şəxslər öz evlərində təhlükəsiz olmalıdırlar.
Bazar ertəsi sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Quer bu rejimin Qəzzə zolağına hərtərəfli hücumlarına toxunaraq deyib ki, bu, fələstinlilərin köçürülməsi layihəsinə diqqət yetirmək üçün bir fürsətdir.
Sionist rejimin maliyyə naziri Bezalel Smotriç də bazar günü vurğulayıb ki, İsrail Qəzzə zolağının sakinlərini mühacirətə və zolağı tərk etməyə təşviq etməlidir.
Birləşmiş Millətlər Təşkilatının mövqeyi sionist rejim hakimiyyətinin Qəzzə sakinlərinin mümkün qəbulu üçün Afrika ölkəsi Konqo və bir sıra digər ölkələrlə gizli danışıqlar apardığına dair məlumatların dərcindən sonra gündəmə gəlib.
Xatırladaq ki, sionist rejim 7 oktyabr tarixində Əl-Əqsa Tufanı əməliyyatından sonra Qəzzə zolağına misli görünməmiş hava və quru hücumları həyata keçirdi ki, bu da Qəzzənin məzlum xalqının kütləvi şəkildə qətlə yetirilməsinə, Fələstin infrastrukturunun məhv edilməsinə səbəb oldu. Ötən üç ayda Qəzzə zolağında 22 mindən çox insan şəhid olub və onların arasında 8 min uşaq var.
Bundan əlavə, bu rejimin işğalı Qəzzə əhalisini köçkün vəziyyətinə salıb. Birləşmiş Millətlər Təşkilatına bağlı Fələstinli Qaçqınlara Xüsusi Yardım və Məşğulluq Agentliyi daha əvvəl bildirib ki, bir milyon 700 min fələstinli Qəzzə zolağının şimalından və mərkəzindən didərgin düşüb.