"Həşdüşşəbi" qanuni elan edildi
ABŞ-ın Tələfərdə könüllü xalq qüvvələri komandanlığını bombardman etməsinin ardınca İraq Parlamenti bir qanun layihəsi qəbul edərək, "Həşdüşşəbi" qüvvələrini qanuniləşdirib.
Peyk vasitəsi ilə çəkilən təsvirlər Tələfər hava limanında İraqın könüllü xalq qüvvələrinin komandanlıq mərkəzinə edilən hücumun ABŞ-ın pilotsuz təyyarələri tərəfindən həyata keçirildiyini təsdiq edir. Bu təsvirlərdən aydın olur ki, ABŞ ordusuna məxsus bir ədəd pilotsuz təyyarə kürd peşmərgə yaraqlılarının nəzarəti altında olan İraq Kürdüstanındakı məxfi bir bazadan havaya qalxaraq, Tələfərdə könüllü xalq qüvvələrinin komandanlığını bombalayıb.
İraq parlamenti isə dünən bir qanun layihəsi qəbul edərək, könüllü xalq qüvvələrini qanuni elan edib.
İraq parlamenti “Həşdüşşəbi” adlı qanun layihəsini qəbul edib. Bu qanuna əsasən, könüllü xalq qüvvələri, öz adını qorumaq və müstəqil komandanlığa malik olmaq şərti ilə, İraqın təhlükəsizlik qüvvələrinin bir hissəsinə çevrilmiş olub.
Qasim Ələrəbi – İraq Parlamentinin üzvü:
“Həşdüşşəbi” qanun layihəsinin təsdiq edilməsi İraq xalqı üçün böyük bir uğur sayılır.
Bu qanuna əsasən “Həşdüşşəbi” milli təhlükəsizliyə qarşı yönələn istənilən təhdid və terrorizm ilə mübarizə aparmaq səlahiyyətinə malikdir.
Abbas Bəyati – İraq Parlamentinin üzvü:
Bu qanun İraqı daxili və xarici təhdidlər qarşısında qoruyacaq.
Bu qanun layihəsi Parlamentdəki bütün fraksiyaların dəstəyini alaraq, qəbul edildi.
Məşmən Əlcəburi – İraq parlamentinin üzvü:
Biz bu qanun layihəsinin lehinə səs verdik. Çünki, xalq qüvvələri sünni sakinlərin yaşadıqları əraziləri İŞİD-in işğalından azad edib.
Şaxvan Abdullah – İraq parlamentinin üzvü:
Biz bu qanun ilə xalq qüvvələrinin ləyaqətini habelə, onların yaralıları və şəhidlərinə olan dəstəyi rəsmiləşdirmiş olduq.
Bu qanun layihəsinin İŞİD ilə mübarizədə xalq qüvvələri üçün böyük dayaq olacağı gözlənilir.