Dek 24, 2016 19:10 Asia/Baku
  • Fələstinin siyasi qrupları Təhlükəsizlik Şurasının qətnaməsini müsbət qarşılayıblar

BMT Təhlükəsizlik Şurasının sionist rejimin işğal olunmuş Fələstin ərazilərində qəsəbələr salmasını pisləyən qətnaməsi fələstinli qruplar tərəfindən rəğbətlə qarşılanıb.

Fələstin İnformasiy mərkəzinin məlumatına görə, Həmasın sözçüsü Hazim Qasim bu qətnaməni müsbət qarşılayaraq bildirib: Təhlükəsizlik Şurası qəsəbələrin salınmasını dayandırmaq və hətta Fələstinin işğalına son qoymaq üçün praktiki addımlar atmalıdır.

Fələstin Özünüidarə Təşkilatının sözçüsü Nəbil Əbu Rədinə də bu qətnamənin təsdiqlənməsini sionist rejimə möhkəm sili adlandırıb və deyib: Qəsəbələrin salınmasının beynəlxalq səviyyədə pislənilməsi Fələstin dövlətinin təşkili üzrə həll yoluna dəstəyə şərait yaradacaqdır.

Həmçinin Fəth hərəkatının sözçüsü Üsamə Qəvasimi bir mətbuat bəyanatında bildirib: Bu qətnamənin təsdiqlənməsi BMT Təhlükəsizlik Şurasının sionist rejimin ekspansionist və işğalçılıq siyasətinin davam etməsi təhlükələrini dərindən anladığını əks etdirir. Digər tərəfdən Fələstin İslami Cihad Hərəkatı İsrail əleyhinə qətnamənin təsdiqlənməsi Fələstinin ədalətli qələbəsi adlandırıb: Təhlükəsizlik Şurası bu qətnaməni təsdiqləməklə əslində sionist rejimin siyasətlərini pislədi.

Fələstin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin katibi Saib Əriqat da bildirib: Sülh və təhlükəsizlik Fələstinin işğalına son qoymaq, müstəqil Fələstin dövlətini təşkil etmək və bütün ixtilaflı məsələləri həll etməyi tələb edir.

Fələstinin Ərəb Liqasındakı səfiri Camal Şübki də bu qətnamənin verilməsini tarixi hadisə adlandırıb və deyib: Sionist rejimin ona sadiq qalması tələb olunub.

BMT Təhlükəsizlik Şurasının əksər üzvlərinin bu qətnamənin lehinə səs verməsi dünya ictimaiyyətinin sionistlərin qəsəbələr salmasını qeyri-qanuni adlandırdığını və Fələstin xalqının hüquqlarını dəstəklədiyini göstərir.

Teqlər