Okt 03, 2022 21:02 Asia/Baku
  • Yəmən BƏƏ və Səudiyyə Ərəbistanındakı neft şirkətlərinə xəbərdarlıq edib

Yəmən Silahlı Qüvvələri BƏƏ və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən neft şirkətlərinə xəbərdarlıq edib ki, Ər-Riyad və onun müttəfiqləri lazımi atəşkəsə əməl etmədikcə, onlar hədəfə alına bilər.

SəhərAzəri-nin məlumatına əsasən, bazar günü Silahlı Qüvvələrin sözçüsü briqada generalı Yəhya Səri tvitində Yəmən əsgərlərinin neft şirkətlərinə Səudiyyə və Əmirlik torpaqlarını "sürətlə" tərk etmək fürsəti verdiyini bildirib.

Yəhya Səri deyib: "Xəbərdarlıq, təcavüzkar Amerikan-Səudiyyə koalisiyasını təşkil edən ölkələr Yəmən xalqına öz neft sərvətlərini istismar etməyə imkan verən atəşkəsə riayət etməkdən imtina etdiyi müddətcə qüvvədədir".

O, əlavə edib: "Əgər Ərəbistan və Əmirlik Yəmən xalqını öz resurslarından məhrum etməkdə israr etsələr, silahlı qüvvələrimiz onları öz resurslarından məhrum etməyə qadirdir". 

Yəməndə BMT-nin vasitəçiliyi ilə aprel ayında müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs qüvvəyə minib və o vaxtdan bəri iki dəfə yenilənib. Bununla belə, atəşkəs, təcavüzkar koalisiyanın razılaşmanı daim pozması və müharibə ilə eyni vaxtda Yəmənə qarşı tətbiq etdiyi mühasirəni lazımi qaydada aradan qaldırmaqdan imtina etməsi fonunda bazar günü başa çatıb.

Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat demişdi ki, səud koalisiyasının atəşkəsi dəfələrlə pozması nəticəsində demək olar ki, Yəməndə atəşkəs məhv edilib.

Həmçinin bazar günü BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq atəşkəsin uzadılmasına yönəlmiş səylərin uğursuzluğunu təsdiqləyib.

Səudiyyə Ərəbistanı 2015-ci il martın 26-dan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə Yəmənə qarşı genişmiqyaslı hücumlara başlayıb.

Yəmənə qarşı 7 illik təcavüzdən, minlərlə insanı qətlə yetirdikdən və ölkənin bütün infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr nəinki məqsədlərinə çatmadılar, hətta Yəmən silahlı qüvvələrinin öz ərazilərinin dərinliklərinə endirdiyi raket və pilotsuz təyyarə zərbələrindən sonra atəşkəsi qəbul etməyə məcbur oldular. 

Artıq 6 aydır davam edən bu atəşkəs rejimi təcavüzkarlar tərəfindən minlərlə dəfə pozulub və onun bəzi bəndlərini həyata keçirməkdən imtina ediblər.

Teqlər