İyun 27, 2020 07:14 Asia/Baku
  • Ermənistanda qalmaqallı konstitusiya dəyişiklikləri qüvvəyə mindi-təhlil

Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə minib. Dəyişikliklərə görə, Konstitusiya Məhkəməsinin sədri və üç hakim artıq vəzifələrini itiriblər.

SəhərAzəri xəbər verir, baş nazir Nikol Paşinyan bu barədə bildirib ki, iki ay ərzində vəzifələrini itirən hakimlərin yerinə üç yeni hakim seçiləcək.

Onun sözlərinə görə, Ermənistanın bütün dövlət qurumları bu faktı nəzərə almalı və ona əsasən iş görməlidirlər.

Ermənistanın sabiq ədliyyə naziri Arpin Ovhanisyan isə qərarı qanunsuz adlandırıb və bildirib ki, ölkə hakimiyyəti konstitusiyaya edilmiş dəyişikliklər əsasında hakimləri Konstitusiya Məhkəməsi qanununun maddələrindən birini dəyişdirməyi "unutduğu üçün" işdən çıxara bilməz.

Xatırladaq ki, konstitusiya dəyişikliklərinə əsasən, Konstitusiya Məhkəməsində 12 ildən çox işləmiş hakimlər azad edilir. Digər hakimlər isə 12 illik müddəti başa çatdıqdan sonra azad ediləcək.

Onu da qeyd edək ki, konstitusiya dəyişiklikləri üçün əvvəlcə referendum nəzərdə tutulsa da, koronavirus pandmeiyası ilə əlaqədar bunun parlament daxilində həyata keçirilməsi qərarı verildi və hakim komandadan olan deputatlar onun lehinə səs verdilər. Müxalifəti təmsil edən deputatlar isə parlamentin həmin iclasını boykot etdilər və səsverməyə qatılmadılar.

Paşinyan hökuməti artıq bir il idi ki, Konstitusiya Məhkəməsinin sədrinə və daha 6 hakimin üzərinə ciddi təzyiq göstərirdi. Baş nazir bu hakimləri ölkənin keçmiş hökumətinə bağlı olmaqda və islahatlara maneçilik törətməkdə ittiham edirdi. 

Müxalifət siyasətçiləri isə onun iddiaları rədd edir və bildirirlər ki, baş nazirin məqsədi Konstitusiya Məhkəməsi üzərində nəzarətəi ələ keçirməkdir.

İndiki iqtidarla müxalifət arasında münaqişə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb. "Məxməri” inqilabdan sonra hakimiyyətə gələn Paşinyan Konstitusiya Məhkəməsinin sədrinin açıq şəkildə keçmiş rejimə bağlı olduğunu vurğulayaraq inqilabdan sonrakı dövrdə onun ədalətli və qanuni qərarlar verməyə qadir olmadığını açıqlayıb.  O hətta Konstitusiya Məhkəməsinin sədrinə qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı irəli sürülmüşdü. Ötən ilin oktyabrında isə Ermənistan parlamenti "Mənim addımım” iqtidar fraksiyasının təşəbbüsü ilə sədrin səlahiyyətlərinin dayandırılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Amma Konstitusiya Məhkəməsi parlamentin müraciətinə baxmaqdan imtina edib.

Hər halda Ermənistanda mürəkkəb vəziyyət yaranıb. Müxalifət partiyaları Konstitusiya Məhkəməsinə dair qanuna təklif olunmuş düzəlişlərin qəbulunu konstitusiya quruluşunun devrilməsi və hakimiyyətin Paşinyan tərəfindən mənimsənilməsi kimi qiymətləndirirlər.

Teqlər