Dek 07, 2020 21:27 Asia/Baku
  • Cənubi Qafqazın sülh və təhlükəsiz şəraitində yaşamasına hər cür dəstək verəcəyik

Sergey Lavrov deyib: "Rusiya sülhməramlıları yerli əhali ilə fəal əməkdaşlıq edir. Qaçqınların qaytarılması prosesinə sülhməramlıların həmin ərazilərə gəlməsinin ilk dəqiqəsindən başlanılıb. Bu proses artıq dayanıqlı xarakter almağa başlayıb".

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır.

O qeyd edib ki, baza prinsipi deyəndə Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və onun maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb.

Lavrovun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir: "Hesab edirik ki, indi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir".

Erməni KİV nümayəndəsinin "Rusiya sülhməramlılarının Dağlıq Qarabağın yerli hakimiyyəti ilə əməkdaşlığını necə qiymətləndirirsiniz" tipli təxribat xarakterli sualına isə Sergey Lavrov belə cavab verib: "Rusiya sülhməramlıları yerli əhali ilə fəal əməkdaşlıq edir. Qaçqınların qaytarılması prosesinə sülhməramlıların həmin ərazilərə gəlməsinin ilk dəqiqəsindən başlanılıb. Bu proses artıq dayanıqlı xarakter almağa başlayıb".

Rusiyanın xarici işlər naziri əlavə edib: "Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır".

Onun sözlərinə görə, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi: "Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək".

Teqlər