Fev 24, 2021 09:36 Asia/Baku
  • Miatsum yürüşü Qarabağda sülhə təhlükə yaradır-Təhlil

Xankəndidə keçirilən yürüş Qarabağla bağlı ciddi ehtimalları ortaya çıxarıb.

SəhərAzəri xəbər verir ki, Fevralın 20-də ikinci Qarabağ müharibəsindən sonra ermənilər xankəndidə rusiyalı sülhməramlıların gözləri önündə ilk kütləvi tədbirlərini keçiriblər. Onlar 33 il əvvəl Qarabağda separatçılığn əsasını qoyan qərarın ildönümünü qeyd ediblər. Həmin vaxt Azərbaycan SSR-i Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilib və vilayətin Azərbaycan tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə keçməsinin lehinə səs verilib.

Azərbaycanda hesab edirdilər ki, 44 günlük müharibəni uduzmuş separatçıların belə bir tədbir keçirməsi mənasızdır. Lakin Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir ki, “miatsum” şüarı ilə keçirilən bayram tədbiri guya Qarabağ ermənilərinin öz müqəddəratlarını ifadə etmələrinin təntənəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bu açıqlamaya cavab olaraq bildirib ki, hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi İrəvanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

Bu arada ən çox diqqət çəkən məsələ Qarabağ ermənilərinin miatsum yürüşünü keçirmələrinə Rusiya sülhməramlılarının göz yumması və bəlkə də şərait yaratmalarıdır. Eyni zamanda Rusiya ilə yanaşı digər iki həmsədr dövlət olan ABŞ və Fransanın da seyrçi mövqedə qalmaları Azərbaycan ictimaiyyətində hiddət doğurmuşdur.

Politoloq Şahin Cəfərli bu barədə özünün facebook səhifəsində yazır: Rusiya göstərməlidir ki, problem hələ davam edir, sülhməramlılar da elə o səbəbdən burdadır. Digər tərəfdən, unutmayaq ki, Rusiya eləcə də Qərbdə bir çox çevrələr erməni separatizmini legitim sayır. Putin Qarabağ mövzusunda sonuncu bir neçə çıxışında hadisələrin Sumqayıtdakı erməni qırğınları ilə başladığını, Qarabağdakı ermənilərin öz ləyaqətlərini qorumaq üçün silaha sarıldıqlarını vurğulayıb. Bu isə o deməkdir ki, bu xəmir hələ qeyri-müəyyən müddət su aparacaq.

Bölgədə kommunikasiyaların Rusiyanın nəzarəti və moderasiyası altında açılması da Moskvanın geosiyasi maraqlarına uyğundur və onun uzunmüddətli planlarından xəbər verir. Xüsusilə də Putin ötən günlərdə qapalı bir görüşdə 2020-ci ildə postsovet məkanında Rusiyanın mövqelərini gücləndirməyə nail olmasını özünün ən böyük nailiyyətləri sırasında qeyd edib.

Beləliklə də sülhməramlıların müşayiəti ilə Xankəndidə keçirilən yürüş öz-özlüyündə xeyli mətləblərdən xəbər verir və Qarabağla bağlı ciddi ehtimalları ortaya qoyur.  

Teqlər