İyun 09, 2021 11:22 Asia/Baku
  • Sarkisyan ilə Paşinyan arasında

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir.

SəhərAzəri-nin məlumatına əsasən, tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar.

Bununla əlaqədar Nikol Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sarkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sarkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.

Sarkisyan deyib: "Paşinyan faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam”.

Paşinyan həmçinin ötən gün Sarkisyana “insan alverçisi” demişdi. Bu, Sarkisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sarkisyanla Koçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər.

İttihamlara cavab olaraq Sarkisyanın müttəfiqi olan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Artur Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. “Sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən öz günahlarında boğulursan”,- deyə Vanetsyan bildirib.

Teqlər