Yan 01, 2022 12:48 Asia/Baku
  • İran portalı: Ermənistan üçün dirçəliş şansı yaranıb

İrandakı nüfuzlu Əlif portalı İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan üçün dirçəliş şansının yarandığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, iranlı politoloq Həsən Muradxani Əlifdə yazır ki, İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan qarşısındakı məğlubiyyətini, işğal olunmuş Qarabağ və ətraf əraziləri itirdiyini nəzərə alsaq, onun teziklə dirçəlməsi real görünmür. Bununla yanaşı, müharibədən sonrakı proseslərin bir neçə maraqlı aspekti var. Müharibədən sonra bir maraqlı məqam o qədər də diqqət çəkmədi: savaşda məğlub olmuş Nikol Paşinyan necə oldu ki, yeni seçkidə qələbə qazandı? Bu boyda məğlubiyyətdən sonra onun komandası təxminən 54% səsi necə toplaya bildi? Bu, şübhəsiz ki, erməni siyasətçilərini heyrətdə qoyur.

Ancaq maraqlı məqam ondan ibarətdir ki, Paşinyan Ermənistan tarixində ilk ermənistanlı liderdir. Ölkənin ilk prezidenti Levon Ter-Petrosyan Suriyanın Hələb şəhərindəndir, sonrakı rəhbərlər Robert Koçaryanla Serj Sarkisyan isə Qarabağdan. Beləliklə, 30 il ərzində ilk dəfədir ki, ölkəyə rəhbərlik edən şəxslər – istər baş nazir Nikol Paşinyan, istərsə də prezident Armen Sarkiyan əsl ermənistanlıdır.

Bundan başqa, Nikol Paşinyan Ermənistanda bir neçə şeydən bezmiş spektri təmsil edir: Qarabağ müharibəsindən, təcriddən, xaricdəki erməni diasporundan asılılıqdan. Bəli, ermənilər Qarabağ problemindən bezmişdi. Onlar qarabağlı Koçaryan və Sarkisyanın israrı ilə 30 il idi ki, Azərbaycanla münaqişənin gətirdiyi əziyyətləri çəkir, “DQR”in beynəlxalq səviyyədə tanınmamasının beynəlxalq yükü altında əzilirdilər. Ermənistanın bu 30 ildə bütün diqqətini Qarabağa yönəltməsi, onu əlində saxlaması ermənilərin Cənubi Qafqazdan təcrid olunması ilə nəticələnib. Bununla yanaşı, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrdən də qopa bilməyən İrəvanın erməni diasporundan daimi asılılığı nəticəsində ölkə ictimaiyyəti daha da parçalanmışdı.

Məqalədə qeyd olunur ki, beləliklə, Nikol Paşinyan, erməni cəmiyyətinin, Ermənistanın 30 illik “regional həbs”dən çıxmasının səbəbkarı ola bilər.

Teqlər