Yan 05, 2022 11:02 Asia/Baku
  • Ermənistan Azərbaycanın səhvini təkrarlayır - TƏHLİL

Ermənistan prezidenti əvvəllər Braziliya, Kolumbiya və Boliviyada erməni diplomatiyasına rəhbərlik etmiş Arman Akopyanı İsrailə yeni səfir təyin edib.

SəhərAzəri-nin məlumatına əsasən, bundan əvvəl erməni diplomat Armen Smbatyan sionist rejim prezidentinin fərmanı ilə Təl-Əvivdən geri çağrılmışdı. Bəzi mənbələr bildirirlər ki, keçmiş səfirin geri çağırılmasına səbəb İsrail rejimi ilə Azərbaycan arasındakı silah müqavilələri olub və 44 günlük müharibədə İsraildən alınmış silah və texnikandan erməni qüvvələrinə qarşı istifadə olunduğuna xatir Paşinyan hökuməti İsrailə yeni səfir təyin etməyə tələsmədi və dolayısı yolla İsrail rejimindən incik düşdüyünü nümayiş etdirdi. Ona görə də ola bilsin ki, irqçi rejim hansısa vədlərlə İrəvanın könlünü alıb və onu Təl-Əvivə səfir göndərməyə razı salıbdır. Sionistlər həm də Azərbaycan Respublikasına mesaj göndərmiş olurlar ki, İsraildə səfirlikləri açılmasa, Cənubi Qafqazda Ermənistanı özlərinə strateji müttəfiq seçəcəklər. Bununla da İsrail rejimi bir güllə ilə iki dovşan vurur: Cənubi Qafqazdakı məşum mövcudluğunu gücləndirir və Azərbaycanı çətin vəziyyətdə qoyur. Belə təsəvvür yaradır ki, hər iki Qafqaz ölkəsinin gələcəyi və inkişafı İsrailə yaxınlaşmalarından asılıdır, özünün isə gizli niyyətlərini aşkar etmir.

Şübhə yoxdur ki, Cənubi Qafqazı ilk növbədə casusluq poliqonuna çevirmək, silah satışına şərait yaratmaq və xalqlar arasında təfriqə salmaq sionist rejimin regionda qarşıya qoyduğu strategiyaları sırasındadır. Bunun üçün isə hərbi-müdafiə əməkdaşlığından və kənd təsərrüfatı fəaliyyətlərindən sadəcə olaraq bir örtük kimi istifadə olunur.

Əslində əvvəldən də bəlli idi ki, Azərbaycanla silah müqavilələri heç də bu dövlətin üstünlüyünü təmin etməyə köklənməyib, israillilər oxşar silah və texnikanı pulun müqabilində Ermənistana da satmağa hazırdırlar və bu mesaj iki il əvvəl İsrailin regional əməkdaşlıqlar naziri Tsahi Haneqbi-nin İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinin diqqətinə çatdırıldı. Bu isə o deməkdir ki, İsrail nə Azərbaycanın dostudur, nə də Ermənistanın, onun dostu yalnız strateji maraqlarıdır. Ona görə də Azərbaycanla yanaşı Ermənistan rəsmilərinin də vəziyyəti düzgün analiz etmələri vacibdir.

Digər tərəfdən sirr deyil ki, rəsmi İrəvanın İsrailə yaxınlaşması İranda qıcıq doğurur. Çünki sionistləri bölgədə maraqlandıran məqamlardan biri İran sərhədlərinə yaxınlaşmaq və ikincisi Azərbaycanla yanaşı Ermənistanın da güc strukturlarına nüfuz etməkdir. Ələlxüsus da, İsrail rejimi İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanla əlaqələrini genişləndirmək üçün münbit şərait yarandığını düşünür və hesab edir ki, bu işdə Azərbaycanın etirazı ilə üzləşməyəcək. Sionistlərin əsas prioritetlərindən biri Qafqaz regionu ölkələri ilə əlaqələri gücləndirmək, bu geosiyasi məkana təsir etmək və üç Cənubi Qafqaz ölkəsinin İranla əlaqələrini pozmaqdır.

Aydın məsələdir ki, Ermənistan rəhbərlərinin İsrailə yaxınlaşmaq qərarı Amerika və sionist rejimin təşviqi ilə baş tutmuşdur. Bəlkə də iqtisadi problemlərin həlli və yeni texnologiya tədarükü barədə verilən vədlər Ermənistan hökumətini İsrail ilə əlaqə qurmağa həvəsləndirib. Halbuki Ermənistan hakimiyyəti nəzərə almalıdır ki, sionist rejimin Qafqaz regionundakı məqsədi strateji nüfuzunu genişləndirməkdir.

Bu səbəbdən sionist rejimlə əlaqələri inkişaf etdirmək Ermənistanın strateji məsələlərinə kömək etməyəcək, üstəlik onun İranla münasibətlərində gərginlik yarada bilər.

Ümumilikdə demək olar ki, Ermənistanın İsrail ilə münasibətlərini genişləndirməsi strateji bir səhvdir və ona uğur qazandırmayacaqdır.

Teqlər