Yan 14, 2022 12:20 Asia/Baku
  • Türkiyə və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilir

Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evinə gəlib.

SəhərAzəri-nin,RİA “Novosti”-yə istinadla verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.

Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.

Moskva görüşü barədə məlumat yayılan kimi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib ki, Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır.

"Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi vacib məqsəddir”, - Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu gün ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib ki, ölkəsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyir və bu səylərdə aktiv iştirak edir: “Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına kömək edir və mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - Rusiya XİN başçısı vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə bu gün media üçün açıq müzakirələr zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına belə münasibət bildirib: “Türkiyə və Ermənistan münasibətləri ilə paralel Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşarsa, bu, bizim üçün faydalı olar”.

Ancaq Fərid Şəfiyevə görə Bu il Azərbaycan Ermənistanla hərtərəfli sülh sənədinin imzalanmasına nail ola bilməyəcək.

Teqlər