Yan 17, 2022 12:03 Asia/Baku
  • Daşnaksütyun partiyası kampaniyaya start verdi

Daşnaksütyun partiyası Ermənistan cəmiyyətində Türkiyə ilə əlaqələrin normallaşmasına qarşı fəaliyyətə başladığını elan edib.

SəhərAzəri erməni mediasına istinadən xəbər verir ki, daşnaklar qarşıdakı planları, xüsusən də “müqavimətin” formalaşdırılması ilə bağlı işləri və bu istiqamətdə həyata keçiriləcək proqramları müzakirə edir.

Bu məqsədlə Ermənistanın yeddi şəhərində-Razdan, Gümrü, Spitak, Vanadzor, Artaşat və Kafanda Daşnaksütyunun rəhbərləri və “Ermənistan” fraksiyasının deputatları görüşlər keçirir.

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan faktı təsdiq edib.

“Biz Ermənistan Respublikası və “Artsax”ın üzləşdiyi problemlər, Ermənistan-Türkiyə münasibətləri, təhlükəsizlik məsələləri və daxili siyasi məsələlər haqqında danışdıq”, - deyə daşnak Saqatelyan bildirib.

Daşnaqlar qarşıdakı iki ay ərzində bütün şəhərlərdə belə görüşlər planlaşdırdığını və müqavimət təşkil etmək niyyətlərini elan ediblər.

Qeyd edək ki, Ankara və İrəvan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan təyin olunub.

Ermənistan ilə Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir. Lakin Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistan ilə əlaqələrin normallaşmaması üçün səbəb yoxdur.

Təhlillərə görə, Qarabağ uğrunda 44 günlük müharibədən sonra Türkiyə Ermənistanın cənub bölgəsi vasitəsilə Azərbaycanla birbaşa quru əlaqələri qurmaqda, Ermənistan isə Qara Dənizə çıxış əldə etməkdə maraqlıdırlar. Lakin kommunikasiyaların açılmasını və regionda normallaşma prosesini Kreml öz nəzarətində saxlamağa çalışır. Bu istiqamətdə Azərbaycanla Ermənistan arasında ixtilafların həllində əsas rolu öz üzərinə götürən Rusiya indi də Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırması prosesinə ev sahibliyi edir və bununla öz maraqlarını təmin etmiş olur.

Teqlər