Dek 12, 2022 19:21 Asia/Baku
  • 3+3 formatında növbəti görüş yaxın aylarda baş tuta bilər

Rusiyanın Xarici İşlər Nazirliyi hesab edir ki, 3+3 formatında növbəti görüş yaxın aylarda baş tuta bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN-in məlumatında deyilir: Cənubi Qafqaz üzrə 3+3 formatının ikinci iclasında Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və İran iştirak edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Denis Qonçar bu barədə TASS-a bildirib ki, hazırda təşkilati işlər davam etdirilir. “Biz görüşün yaxın aylarda baş tutacağını gözləyirik. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər”, - deyə diplomat bildirib.

3+3 formatında ilk görüş 2021-ci ildə Moskvada xarici işlər nazirləri səviyyəsində keçirilib. Lakin Gürcüstan iclasdan imtina edib və iştirak etməyib.

Qonçar əlavə edib ki, 3+3 məsləhətçi regional platformasının iştirakçı ölkələri qarşılıqlı faydalı əməkdaşlığının genişləndirilməsində maraqlıdırlar.  

Xatırladaq ki, 2021-ci ilin dekabrında keçirilən ilk iclasda ümumi maraq doğuran mövzular - ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı və təhdidlərlə mübarizə məsələləri barədə qərar qəbul edilib.  

XİN rəsmisi bildirib ki, Rusiya regionun tranzit potensialından istifadəyə xüsusi önəm verir və nəqliyyat marşrutlarının bərpası buna öz töhfəsini verəcək.

Qonçar əlavə edib ki, enerji sahəsində birgə iş perspektivləri də böyük maraq doğurur.

“Belə əməkdaşlıq çoxtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın möhkəmlənməsinə töhfə verəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”, - Qonçar bildirib.

 

Teqlər