Əfqanıstanda 4 narkotik maddələr laboratoriyası dağıdılıb
Əfqanıstanın narkotiklərlə mübarizə qüvvələri Nəngərhar vilayətində narkotik maddələrin istehsalı ilə məşğul olan 4 laboratoriyanı dağıdıblar.
İRİB-nin verdiyi məlumata görə, Nəngərhar vilayətinin sözçüsü deyib: Narkotiklərlə mübarizə idarəsinin qüvvələri ötən gecə Məmlə və Şəki məntəqələrində həyata keçirdikləri əməliyyatlarda narkotik maddələrin istehsalı ilə məşğul olan 4 laboratoriyanı məhv ediblər.
Ətaullah Xugyaninin dediyinə görə, bu əməliyyat zamanı mülki əhali və narkotiklərlə mübarizə qüvvələri arasında insan tələfatı olmayıb.
Əfqanıstan dünyada ən iri narkotik istehsalçısıdır və hal hazırda bu ölkədə 3.6 milyon narkoman var.
Əfqanıstanın daxili işlər naziri Əsədullah Zəmir bir müddət öncə korrupsiya, beynəlxalq mafiya və ABŞ-ın hərbi iştirakını Əfqanıstanda narkotiklərin istehsal həcminin artması amillərindən adlandırmışdı.