İraq Türkiyə səfirini çağırtdırıb
Türkiyənin İraqın şimalına hücumundan sonra İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfirini çağırtdırıb.
SəhərAzəri xəbər verir, İraq Xarici İşlər Nazirliyi bir notada bildirib ki, Türkiyənin çərşənbə axşamı günü İraqın şimalına qarşı hücumlarına etiraz olaraq, Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldızı çağırtdırıb və İraqın rəsmi notasını ona təhvil veribdir.
İraq bu notada Türkiyənin onun ərazisinə qarşı təcavüzdə və İraqın təhlükəsizlik qüvvələrinin öldürülməsində məsuliyyət daşıdığını bildirib.
İraq milli təhlükəsizlik şurası Türkiyənin İraqa qarşı hərbi hücumunu pisləyərək, bildirib ki, İraq vətəndaşlarının himayə olunmaları və təhlükəsizliyin müdafiəsi istiqamətində bütün vasitələrdən istifadə edəcəkdir.
İraq milli təhlükəsizlik şurası vurğulayıb ki, digər ölkələrin daxili işlərinə qarışmama və qonşu ölkələrlə dinc yanaşı yaşama siyasətinə sadiqdir, lakin bununla belə, digər ölkələrin hədəfə alınmaları istiqamətində İraqın təcavüz məkanına çevrilməsinə icazə verməyəcəkdir.
İraq milli təhlükəsizlik şurası həmçinin Türkiyənin bu ölkə ərazisindəki hərbi hərəkətlətinə etiraz olaraq, Türkiyənin müdafiə nazirinin və digər bir türkiyəli heyətin Bağdada səfərlərini ləğv edibdir.
İraqın siyasi rəsmiləri və iraqlı qruplar da Türkiyənin İraq Kürdüstanı bölgəsinə hücumu və İraqın bir neçə yüksək rütbəli sərhədçi zabitini öldürməsini pisləyiblər. Onlar rəsmi Bağdadın bu təcavüzlərin dayandırılması üçün təcili tədbirlər görməsini istəyiblər.
Türkiyənin çərşənbə axşamı günü İraqın Ərbil vilyətinin şimalında İraq sərhəd qüvvələrinin bir avtomobilinə qarşı PUA hücumunda İraq tərəfdən iki zabit, iki əsgər daxil olmaqla bu ölkənin sərhəd qvardiyası qüvvələrindən dörd nəfər öldürülübdür.