"Hizbullah" ABŞ-ın xristian liderə sanksiyasına reaksiya bildirdi
"Hizbullah" partiyası ABŞ-ın sabiq Livan Xarici İşlər naziri və Azad Vətənpərvərlik Hərəkatının lideri Cəbran Bəsilə tətbiq etdiyi sanksiyaları qınayıb və bunu ABŞ-ın Livanın daxili işlərinə qarışması adlandırıb.
SəhərAzəri Eastnews-a istinadla xəbər verir, bu barədə "Al Mayadeen" telekanalı tərəfindən təşkilatın dünən yayımlanan açıqlamasında deyilir.
"Hizbullah" ABŞ Maliyyə Nazirliyinin Bəsilə qarşı korrupsiya iddialarını da rədd edib. Sənəddə vurğulanır: "Dünyadakı diktatura rejimlərini himayə edən və ekstremist qrupları dəstəkləyən ABŞ korrupsiyaya qarşı mübarizə haqqında danışa bilməz".
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi Livanın prezidenti Mişel Aunun kürəkəni olan sabiq Livan Xarici İşlər naziri və tanınmış siyasətçi Cəbran Bəsilə sanksiya tətbiq etmişdi. Rəsmi açıqlamada dövlət başçısının kürəkəninin "Livanın siyasi sistemindəki korrupsiya ilə əlaqəli" olduğu göstərilmişdi.