Dünyanın gözü Qüdsdə
İsrailin vandallığına necə son qoymaq olar?-TƏHLİL
Sionist rejimin qüvvələri cümə günü mayın 7-də Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə hücum edərək, bir çoxunu yaralayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Əqsa məscidində cümə namazında on minlərlə fələstinlinin iştirakı və daha sonra Beynəlxalq Qüds Günü münasibətilə Əl-Əqsa məscidinin həyətlərində ibadət edənlərin toplanması sionist rejimdə hiddət və qorxuya səbəb olub. Son günlərdə Qüds xalqına qarşı edilən bütün məhdudiyyətlərə və hücumlara baxmayaraq, sionistlər Əl-Əqsa məscidində müsəlmanların toplaşmalarına mane ola bilməyiblər.
Sionist rejim hərbçiləri Əl-Əqsa məscidi ilə yanaşı Şeyx Cərrah və Bab Əl-Əmud məhəllələrində də məzlum fələstinliləri öz hücumlarına məruz qoyublar.
Qəsbkar rejimin Qüdsdə törətdiyi vəhşiliklər dünya dövlətlərinın qınağına tuş gəlib. İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, bu hərbi cinayət qanunsuz sionist rejimin cinayətkar mahiyyətini bir daha dünyaya göstərdi və insan hüquqlarının ən fundamental prinsiplərinin pozulmasını dayandırmaq üçün təcili beynəlxalq tədbirlərin görülməsinin vacibliyini sübut etdi.
Türkiyənin də Xarici İşlər Nazirliyi bir bəyanat yayarq, sionistlərin günahsız insanlara qarşı hərbi hücumunu qeyri-insani adlandırıb.
Nazirlik İsrail rejimini ağıllı olmağa və bu kimi hadisələrə səbəb ola biləcək düşmənçilik və təxribatçı mövqelərdən çəkinməyə çağırıb.
Deyildiyinə görə Qüdsdə baş verən qarşıdurma gözlənilən idi. Belə ki, irticaçı rejim fələstinliləri zorla bu müqəddəs şəhərdən köçürməyə cəhd etməklə yəhudiləşdirmə planlarını həyata keçirməyə çalışır. Ona görə də şəhərin düz ortasında yerləşən Şeyx Cərrah məhəlləsi bu dəfə İsrailin diqqət mərkəzinə keçmişdir. 3 min müsəlmanın yaşadığı Şeyx Cərrah Qüdsün şərq və qərbini bir-birinə qovuşdurur.
Hazırda sionistlər Şeyx Cərrahı fələstinlilərdən təmizləyib xaricdən gəlmə yəhudiləri burada məskunlaşdırmaqla öz ekspansiyalarını təkimilləşdirmək niyyətindədirlər. Bu istiqamədə fələstinli ailələr zorla buradan çıxarılır və əmlakları müsadirə olunur. Lakin yerli fələstinli sakinlər öz evləri və əmlaklarını təslim etməkdən imtina edərək müqavimət yolunu seçmişlər. Bu səbəbdən də Şeyx Cərrah məhəlləsi bu günlərdə İsrail qarşısında müqavimət simvoluna çevrilib və yerli sakinlər qanları hesabına belə geri çəkilmək fikrində deyildirlər.
Qeyd edək ki, İsrail rejimin Qüdsdə vandallığı bu şəhərin Donald Tramp tərəfindən beynəlxalq qanunlara zidd olaraq işğalçı rejimə aid olduğunu bildirməsindən və ABŞ səfirliyinin buraya köçürülməsindən sonra daha da şiddətlənib. Ancaq bir məsələ aydındır ki, sionistlərin dövlət terrorizmi genişləndikcə, Fələstin xalqı sıralarını daha artıq möhkəmlədir və amalları uğrunda birləşərək mübarizəni gündəmdə saxlayır.
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahüluzma Xamenei də son Qüds bəyanatında bu məsələyə toxunaraq vurğuladılar ki, bu gün fələstinlilərin ən böyük silahı vəhdətdir. Bu vəhdətin mehvəri daxildə cihad və düşmənə etimadsızlıq olmalıdır. Fələstinlilər öz siyasətlərində əsas düşmənləri olan Amerika, İngiltərə və sionistlərə etimad göstərməməlidirlər. Fələstinlilər, Qəzzədə, Qüdsdə, Qərb Sahilində, 1948-ci ildəki ərazilərdə, hətta düşərgələrdə bir yumruq kimi birləşməlidir. Nəzərə almaq lazımdır ki, qüvvələr nisbəti bu gün fələstinlilərin xeyrinə çox dəyişib. Sionistlər isə hər il daha da zəifləyirlər və onların məğlubiyyəti qaçılmazdır.