İyul 17, 2024 17:02 Asia/Baku
  • Hizbullah strateji Meron bazasına hücum edib

Media mənbələri çərşənbə axşamı gecə Livan Hizbullahının işğal olunmuş Fələstin ərazilərinin şimalında yerləşən strateji əhəmiyyətli “Meron” bazasına raket hücumu həyata keçirdiyini bildiriblər.

"SƏMA" xəbər agentliyi bu barədə bildirib ki, Livanın cənubundan işğal olunmuş ərazilərin şimalındakı "Cəbəl Əl-Cərməq" bölgəsindəki Meron bazasına doğru onlarla raket atılıb.

Sionist rejim ordusunun radiosu da bu hücumu təsdiqləyib və Livandan “Yuxarı Cəlilə” bölgəsində Cəbəl Əl-Cərməq istiqamətinə 10 raket atıldığını bildirib.

Eyni zamanda Livan Hizbullahı bəyanat yayaraq, bildirib ki, sionistlərin Livanın cənubundakı yaşayış bölgələrinə hava hücumlarına cavab olaraq, "Kfər Hoşen", "Or HaGnuz", "Bar Yohai" və "Meron" koloniyalarını onlarla Katyuşa raketləri ilə hədəfə alıb. 

Bəzi ivrit dilli xəbər agentlikləri Hizbullahın son 24 saat ərzində Livanın cənubundan işğal altındakı Fələstinin şimalına 150-dən çox raket atdığını bildirib.

Bir neçə saat əvvəl İsrail rejiminin “Maariv” qəzeti Livanın cənubundan Kiryat Şmona qəsəbəsi və Əl-Cəlil bölgəsindəki digər ərazilərə 35-40 raket atıldığını bildirib.

Qəzzə müharibəsi başlayandan bəri Livan ilə işğal olunmuş ərazilər arasındakı sərhədlər də Livan Hizbullahı ilə sionist rejim ordusu arasında atışmaların şahidi olur. Livan Hizbullahı Qəzzə müharibəsinin dayandırılmasını sionist rejimə qarşı hücumlarının dayandırılmasının şərti kimi qeyd edib.

Livan Hizbullahının Qəzzə müqavimətinə dəstək və işğalçı rejimin Livanın cənubunda dinc əhaliyə qarşı hücumlarına cavab olaraq həyata keçirdiyi hücumları bir neçə aydır ki, işğal olunmuş ərazilərin şimal bölgələrindən qaçan sionist mühacirlər üçün kabusa çevrilib.

Livan Hizbullahının bu əməliyyatlarda məqsədi sionist hərbçilərin böyük hissəsini Fələstinin şimalında məşğul etmək və Qəzzədəki müqavimətə təzyiqi azaltmaq olub.

İvrit dilli mənbələrin məlumatına görə, Hizbullahın hücumları səbəbindən işğal olunmuş ərazilərin şimalında onlarla yaşayış məntəqəsi boşaldılıb və bu ərazilər ruhlar şəhərlərinə çevrilib. Şimal qəsəbələrinin sakinləri deyirlər ki, Netanyahunun kabineti onları yalnız buraxıb və şimal bölgələrində böhranı həll etmək üçün heç nə düşünmür.

Teqlər