Avq 29, 2022 10:59 Asia/Baku
  • Türkiyə ilə NATO barədə danışıqlar çətinləşdi

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin Sol Partiyasını təmsil edən bəzi deputatların PKK-nın bayraqları ilə fotolar çəkdirməsindən sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqlarının çətinləşdiyini bildirib.

SəhərAzəri-nin “Aftonbladet” qəzetinə istinadən verdiyi məlumata görə Ann Linde deyib: “Sol Partiya deputatlarının terror təşkilatı PKK-nın bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO-ya üzvlük danışıqları çətinləşdi”.

"Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı olaraq gündəmə gətirir. İsveç qanunlarına əsasən deyirik ki, bu, ifadə azadlığıdır. Amma düşünürük ki, bu, hökumət üçün çox yersiz bir vəziyyətdir”, - Ann Linde vurğulayıb.

Türkiyə, Finlandiya və İsveçin imzaladığı razılaşma çərçivəsində avqustun 26-da Finlandiyanın Vantaa şəhərində keçirilən Daimi Ortaq Mexanizmin ilk iclasını dəyərləndirən Linde deyib ki, "İclas əvvəlcə İsveçdə olmalı idi, bəzi səbəblərə görə Finlandiyaya köçürüldü. Terrorizmlə mübarizədə daha sıx əməkdaşlıqla bağlı olan sazişin həyata keçirilməsi istiqamətində görülən işlərə nəzər salınıb”.

Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodou Malkom Callou və Lorena Delqado Varas daha əvvəl Visbi şəhərində YPG/PKK-nı simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Bundan sonra Baş nazir Maqdalena Andersson Sol Partiya deputatlarının bu hərəkətini qınayıb. Baş nazir 11 sentyabrda keçiriləcək ümumi seçkilərdən sonra Sol Partiya ilə müttəfiqliyi planlaşdırmadıqlarını bildirib.

 

 

Teqlər