ABŞ: Nüvə motorunun istehsalı üzrə İranın qərarı nüvə anlaşmasını pozmur
-
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi
ABŞ Dövlət Departamentinin sözçüsü deyib: İran prezidentinin nüvə motoru haqda qərarı nüvə anlaşmasını pozmur.
İRİB-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında İran prezidentinin dəniz nəqliyyatı üçün nüvə motorunun dizaynı və istehsalına başlamaq üzrə məsul şəxslər və mütəxəssislərə göstəriş verməsinə reaksiyada deyib: Bu xəbərin elan olunması öz-özlüyündə nüvə anlaşmasının pozulması anlamına gəlmir.
Con Kirbi bu mətbuat konfransında belə gəmilərin istehsalı üzrə nüvə anlaşmasında qeyd olunan icazədən yuxarı həddə uranın zənginləşdirilməsi ehtimalına dair suala cavabda deyib: Biz İranın əməkdaşlığı üzərində təhlil və araşdırma üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin səlahiyyətləri və imkanlarına tam inanırıq.
ABŞ tərəfindən nüvə anlaşmasına zidd bir sıra addımların atılması ardınca, İranın Ali Milli Təhlükəsizlik Şurası və Nüvə Anlaşmasına Nəzarət Heyətinin qərarları ilə, İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günü İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehiyə ünvanladığı məktubda göstəriş verib ki, beynəlxalq öhdəliklər çərçivəsində sülhməramlı nüvə proqramının inkişafı istiqamətində elmi və araşdırma mərkəzlərinin əməkdaşlığı ilə dəniz nəqliyyatı sahəsində istifadə olunması üçün nüvə motorunun dizaynı və istehsalı üzrə addımlar atılsın.