Dek 08, 2025 11:58 Asia/Baku
  • Əliyev: Bütün məsələlər üzrə konkret yol xəritələrimiz var

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Bakıya səfəri çərçivəsində bu gün dekabrın 8-də prezident İlham Əliyevlə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin inkişaf prosesi, qonşuluqla bağlı məsələlər və ikitərəfli münasibətlərin idarə olunmasına dair mexanizmlər də daxil olmaqla, bir sıra ikitərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Əraqçi həmin görüşdə prezident Pezəşkiyanın səmimi salamlarını Azərbaycan prezidentinə çatdıraraq, iki xalq arasında köklü və dərin bağlılıqlara işarə edib və İranın Azərbaycanla bütün maraq dairələrində münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətindəki qətiyyətini vurğulayıb.

Nazir həmçinin qonşuluq münasibətlərində uzunmüddətli baxışın əhəmiyyətini qeyd edərək, mövcud anlaşılmazlıqların aradan qaldırılması və qarşılıqlı məsələlərin idarə olunması üçün davamlı diplomatik məsləhətləşmələrin roluna diqqət çəkib.

Azərbaycan prezidenti də öz növbəsində prezident Pezəşkiyana salamlarını çatdıraraq, onun Bakıya səfərini iki ölkə arasında anlaşmanın gücləndirilməsi və münasibətlərin yaxşılaşdırılmasında mühüm rol oynayan tarixi bir səfər kimi qiymətləndirib.

Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən Azərbaycan dövlət başçısı İranlı həmkarı Məsud Pezeşkiyanın Bakıya səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlıqların daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.

Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirib.

Azərbaycan Prezidenti sonda İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib.