Əraqçi son nöqtəni qoydu:
“İran öz sülhməramlı nüvə proqramını davam etdirəcək”
İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb ki, İsrail rejiminin hücumunda İranın bəzi nüvə obyektləri dağıdılsa da, Tehran sülhməramlı nüvə proqramını davam etdirməkdə tam qərarlıdır.
İran Pressin məlumatına görə, Seyid Abbas Əraqçi Yaponiyanın Kyodo agentliyinə müsahibəsində deyib: “İsrail rejiminin İranın nüvə obyektlərinə hücumu açıq şəkildə beynəlxalq hüququn böyük pozuntusudur. Çünki beynəlxalq nəzarət altında olan sülhməramlı nüvə obyektləri bombalanıb”.
İranlı baş diplomatın sözlərinə görə, ölkə çoxlu sayda alim və texnikə sahibdir və beynəlxalq hüquqa əsasən nüvə texnologiyasından sülhməramlı istifadə hüququna uyğun olaraq öz nüvə proqramını davam etdirməkdə tam qərarlıdır.
Əraqçi sonra vurğulayıb: “İran İslam Respublikasının əsas siyasəti dəyişməzdir, biz heç vaxt nüvə silahı əldə etməyə çalışmayacağıq. Lakin əgər qarşı tərəf etimad yaratmaq üçün proqramımızın müəyyən məqamlarının məhdudlaşdırılmasını istəyirsə, bunu edə bilərik, amma bu da əbədi deyil, yalnız müəyyən müddətə və etimad yaratmaq üçün lazım olan zaman çərçivəsində olacaq”.
İranlı nazir ABŞ-la danışıqların bərpa olunması ehtimalı barədə də danışıb və bildirib: “Keçmiş təcrübələr göstərir ki, Vaşinqton bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı danışıqlara hazır deyil. Amma onların belə bir danışıqa hazır olduqlarını gördüyümüz anda, dialoqu bərpa edə bilərik”.
O əlavə edib: “Məsələ ondadır ki, danışıqlar diktə ilə eyni deyil. Hələlik də əmin olmamışıq ki, onlar ciddi və real danışıqlara hazırdırlar. Onlar diktə etmək istəyirlər, amma mən başqasının diktəsini qəbul edən birisi deyiləm”.