Türkiyədəki proseslərdən Azərbaycan hansı nəticələri çıxarda bilər?
Türkiyədəki proseslərdən Azərbaycan hansı nəticələri çıxarda bilər?
Türkiyə tarixinin bəlkədə ən həssas vaxtlarını yaşayır. Bir gecədə baş verən proseslər səbibi ilə 200-dən artıq insan dünyasını dəyişdi və 1000 nəfərdən artıq yaralandı. Türkiyə əhalisi baş verənlərdən çox ciddi olaraq sarsılıb. Bu şoku geridə qoymaq üçün Türkiyəyə kifayət qədər zaman lazım olacaq. Görünən budur ki, bir çox ölkələr də baş verənlərdən müəyyən nəticələr çıxartmalıdır.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyib ki, Türkiyədə baş verənlərdən çıxarılacaq bir çox nəticələr var: “Azərbaycan hökumətinin baş verənlərdən çıxarda biləcəyi nəticələrdən biri ondan ibarətdir ki, istənilən hakimiyyət hər bir zaman arxasını xalqa söykəməlidir. Əgər hakimiyyətin arxasında xalq varsa onu heç bir güc, qüvvə devirə bilməz. Əgər həmin hakimiyyət həqiqətən xalqın gerçək səsi ilə seçilibsə həmin xalq ən çətin məqamda hakimiyyətin arxasında dayanacaq. Türkiyədə demokratik müstəvidə nə qədər problemlər yaşansa da, Türkiyə seçkisi ədalətli seçkidir. Bu gün Türkiyə iqtidarında təmsil olunan hökumət də məhz bu seçkilərin nəticəsində hakimiyyətə gəlib. Bu baxımdan da xalq seçdiyi hökumətə ən çətin durumunda arxa durdu. Düşünürəm ki, Azərbaycan hakimiyyəti də bu durumdan çıxartmalı olduğu çox ciddi nümunələr var.
Azərbaycan hökumətinin çıxardacağı ikinci dərs ondan ibarətdir ki, hakimiyyət özünə nə qədər arxayın olsa da demokratik təsisatlara hər zaman ehtiyacı var. Ən çətin məqamda istənilən hakimiyyəti qoruyan məhz o demokartik təsisatlardır. Buraya media, sivil toplum quruluşlarıdır, müxalifət partiyaları aiddir. Biz Türkiyədə gördük ki, media, mətbuat çevriliş etməyə cəhd edənləri dəstəkləmədi və xalqın iradəsinə hörmətlə yanaşdı. Müxalifət partiyaları da bütünlüklə seçilmiş hakimiyyəti dəstəklədilər.
Çıxarıla biləcək üçüncü nəticə isə, vaxtı ilə Türkiyə hökumәtinin internet resurslarına qarşı olan mənfi münasibətinin yanlışlığı ilə bağlıdır. Belə ki, Türkiyə hökuməti bir çox sosial şəbəkələrə və bir çox internet resurslarına qarşı çıxırdı. Amma dünən gördük ki, ən çətin məqamda Türkiyə siyasi rəhbərliyi sosial şəbəkələr üzərindən xalqa müraciət etdi. Bu da onu göstərir ki, bu gün demokratik təsisatların bir elementinə çevrilmiş internet resurslarına qarşı dözümlü olmaq lazımdır. Bu resursların yaratdığı imkanlardan xalqın istifadə etməsini saxlamaq lazımdır”. Deyerler.org