Türkiyə NATO-nun təlimlərini ləğv edib
Çavuşoğlu: Hər dövlətin tətbiq etdiyi sanksiyalar onun öz işidir
Türkiyə Rusiya ilə Ukrayna arasında yaranan gərginlik fonunda Montrö Konvensiyasının tələblərinə uyğun olaraq Qara dənizdə planlaşdırılan bəzi NATO təlimlərini ləğv edib və ya təxirə salıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulsaydı indiki vasitəçilik rolunu oynaya bilməzdi: “Biz Montrö Konvensiyasını hərbi gəmilərə tətbiq etdik. Lakin hava məkanını, bu dəhlizi açıq saxlamalıyıq. Konvensiyaya uyğun olaraq planlaşdırılan NATO təlimlərini ləğv etdik və ya təxirə saldıq”, - deyə nazir bildirib.
Çavuşoğlu xatırladıb ki, Ankara əvvəldən Rusiya qarşı yalnız BMT-nin sanksiyalarına qoşulacağını bəyan edib.
“İndi hər dövlət istənilən şəxsə qarşı sanksiyalar tətbiq edə bilər. Bu, onların işidir. Biz vasitəçi rolunu seçmişik, vəziyyəti yüngülləşdirməyə çalışırıq”, -deyə XİN rəhbəri əlavə edib.