Fev 20, 2016 17:22 Asia/Baku

GƏNCƏDƏ İMAMZADƏ MƏQBƏRƏSİNİN AÇILIŞI OLUB


Verilişin müddəti : 00:02:00


Tarix : 2016/02/19




Azərbaycan prezidentinin iştirakı ilə Gəncə şəhərində Seyid İbrahim(ə) imamzadə məqbərəsinin açılışı olub


İmam Məhəmməd Bağır(ə)-ın övladı olan Seyid İbrahimin Gəncə şəhərindəki məqbərə kompleksinin Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub.


10 hektar əraziyə malik olan bu kompleksə təmir və bərpa əməliyyatları zamanı ümumi sahəsi 2000 kvadrat metr olan 3 mərtəbəli bir bina əlavə edilib.


Bu kompleksə kişilər və qadınlar üçün nəzərdə tutulmuş 2 böyük ibadət zalı, dini ədəbiyyat üçün kitabxana, konfrans zalı, muzey və qonaqlar üçün otel də daxildir.


Dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulan "Hüseyniyə" və "Zeynəbiyyə" zallar da bu dini-tarixi kompleksin digər imkanlarından sayılır.


Bu kompleksin bərpa edilməsi əməliyyatı zamanı, ümumi sahəsi 50 min metr olan bir ərazi də abadlaşdırılaraq, imamzadənin həyətinə əlavə edilib.


Bu dini məkan 14-ci əsrə aiddir və hər il çoxlu sayda zəvvar qəbul edir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.


İlham Əliyev "İmamzadə" kompleksinin açılış mərasimdə çıxış edərək, deyib: “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir.


Prezident daha sonra İslam Dünyasının hazırkı durumundan təəssüfləndiyini bildirib və deyib: Təəssüflər olsun ki, bu gün İslam Dünyasının vəziyyəti heç də xoşagələn deyil və bu bizi narahat edir. Azərbaycan müstəqilliyini əldə etməsindən sonra daim müsəlmanlar arasında birliyin yaradılmasına çalışıb və elə bu məqsədlə İslam təşkilatları o cümlədən İSESCO-nun əməkdaşlığı ilə müxtəlif tədbirlər və konfranslar təşkil edib.


İlham Əliyev həmçinin deyib: Təəssüflər olsun ki, bu gün digər ölkələrdə insanlar süni yaradılmış məsələlər üzündən bir-birini qırğın edirlər. Bir-birilərinin qanını axıdırlar. Qardaş qanı axıdırlar. Şəhərləri xaraba qoyurlar. Və bu zərər və ziyanlar hələ uzun illər bərpa edilməyəcək.


Azərbaycan prezidenti xarici təbliğatları və bəzi ölkələrin zəifliyini hazırkı problemlərin başlıca amili adlandırıb və deyib: Hakimiyyətin güclü və xalqın bir olduğu hər bir yerdə heç bir xarici qüdrət onların iradəsinə təsir edə bilməz.


İlham Əliyev daha sonra deyib: Azərbaycan öz sözünü deyən, öz siyasətini yürüdən ölkələrdəndir və Azərbaycanda həqiqi qüdrət mənbəyi bu ölkənin xalqıdır. Biz öz yolumuzu gedirik və digər ölkələrin daxili işlərinə də müdaxilə etmirik. Belə bir fikrimiz də yoxdur və heç bir ölkəyə də bizim daxili işlərimizə müdaxilə etmək icazəsi vermirik.




Teqlər