Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı saxlanılıb
Azərbaycanda kadr dəyişiklikləri və təmizləmə islahatları çərçivısində, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılıb.
APA-nın xəbərinə görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilir.
Toplanılan materiallara əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin də müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb, əlbir olan şəxslərlə saxlanılıb.