İyun 08, 2023 17:33 Asia/Baku

İran İslam Respublikası Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin müavini Azərbaycanla hava yolu ilə gediş-gəlişin normal şəkildə davam etdiyini söyləyib.

Əli Əsgər Şalbafiyan azərbaycanlıların İrana səfərlərinin sayının azalmasına toxunaraq bunun səbəbini makro məsələlər və siyasi mühitlə əlaqələndirib və deyib: “Azərbaycanla viza rejimi birtərəfli qaydada ləğv edilib və bu ölkə vətəndaşları İrana viza almadan gələ bilərlər, lakin korona xəstəliyinin başlaması və sərhədlərin bağlanması ilə Azərbaycanla quru sərhəd bağlandı, ancaq hazırda hava sərhədləri aktivdir və iki ölkə arasında hava nəqliyyatı normal şəraitdədir”.

Bu arada İran və Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirən hava yolları şirkətlərindən birinin idarə heyətinin üzvü, kapitan Əbdülreza Pazuki İSNA Xəbər Agentliyi ilə müsahibədə deyib: “İran və Azərbaycan arasında quru və hava sərhədləri açıqdır və səyahət axını qurulmuşdur, lakin bəzən quru sərhədindən gələn nəqliyyata, xüsusən də Azərbaycan Respublikasından verilən ani qərarlar və siyasətlər təsir edir”.

 

O əlavə edib ki, iranlılar hələ də Azərbaycana gedə bilərlər və onlara qonşu ölkənin hava limanında viza verilir. Həmçinin indiyədək iranlı sərnişinlərin ölkəyə girişi üçün Azərbaycan Respublikası tərəfindən heç bir maneə törədilməyib və vizalar bu ölkənin hava limanında verilir, azərbaycanlılar isə İrana vizasız, heç bir problem olmadan maneəsiz gedə bilirlər və iki ölkə arasında uçuşlar cərəyan edir.

 

 

Teqlər