Əqidə məhbusunun həyat yoldaşı məhkəmə qərarına etiraz edir
“Mahiri şərləyib həbs eləməklə ailəmizi məhv elədilər”
Əqidə məhbusu Mahir Əzimovun həyat yoldaşı məhkəmə qərarından məyus olduğunu bildirib.
Yeganə Əzimova deyib ki, həyat yoldaşı həbs olunmasaydı, bəlkə də oğlu nəzarətsiz qalıb ölməzdi. Onun sözlərinə görə, evin maddi yükü həyat yoldaşının üzərində idi. O, meyvə-tərəvəz satışıyla ailəni dolandırırdı: “Onu şərləyib həbs eləyəndən sonra bu yük mənim çiynimdə qaldı, uşaqlara nəzarət edə bilmədim. Onu şərləyib həbs eləməklə ailəmizi məhv elədilər. Bir ildir Mahir həbsdədir, uşaq elə oldu. Bununla da ürəkləri soyumayıb, 4 il iş verdilər”, - deyə o son məhkəmə hökmündən şikayətlənib.
Qeyd edək ki, Mahir Əzimovun məhkəməsi getdiyi dövrdə – iyunun 3-də onun oğlu, 16 yaşlı Məhəmməd Əzimov dənizdə boğularaq ölüb. Bununla əlaqədar vəkil Zibeydə Sadıqova Penitensiar Xidmətin rəhbərliyinə müraciət edərək, Mahir Əzimovun oğlunun dəfnində iştirakına icazə verilməsini xahiş etmişdi. Müraciət təmin olunmuş və o, 3 günlük yas mərasiminə buraxılmışdı.
Məhkəmədə isə vəkil Zibeydə Sadıqova deyib ki, Mahir Əzimova qarşı ittiham sübuta yetirilməyib və müvəkkili Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb.
O əlavə edib ki, polis idarəsindəki işgəncələrlə əlaqədar prokurorluğa şikayət olunsa da, effektli araşdırma aparılmadan şikayət rədd edilib.
Müsəlman Birliyi Hərəkatında hesab edirlər ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir. Hərəkatda qeyd ediblər ki, hazırda təşkilatın 60-dan çox fəalı, o cümlədən lideri Taleh Bağırzadə həbsdədir. O, 2015-ci ildə Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və 20 il azadlıqdan məhrum edilib.