Ruben Vardaniyana 4 ay həbs verildi
Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə Ruben Vardanyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Qarabağdakı separatçı rejimin keçmiş "dövlət naziri", milyarder Ruben Vardanyana terrorizmin maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması və Azərbaycan sərhədini qanunsuz keçməklə bağlı cinayət ittihamı irəli sürülüb.
Məlumatda deyilir ki, törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ruben Vardanyan Qarabağa gedərkən onun Rusiyanın adamı olduğu deyilirdi. Məhz buna görə də Vardanyanın həbs edilməsi xəbərinə ilk reaksiya da Rusiyadan gəldi. Kremlin sözçüsü Dmitri Peskov bundan xəbərsiz olduğunu bildirərək “əgər Vardanyan hələ də Rusiya vətəndaşıdırsa, o zaman Rusiya Federasiyası onun hüquqlarını qoruyacaq” deyə Vardanyanın Rusiya vətəndaşlığından çıxdığına görə onun barəsində heç bir tədbir görülməyəcəyinə eyham vurub.
Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin isə artıq Rusiyanın Vardanyanı himayə etməyəcəyi barədə hər hansı şübhəyə son qoyub.
“Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək. Bu, onun öz qərarının nəticəsidir”,- Aleksandr Başkin deyib.
“Vətəndaşlıqdan imtina etmək onun könüllü seçimi idi. Müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Hazırda o, Rusiya Federasiyasından kömək ala bilmir və bundan sonra da almayacaq”, - Başkin bildirib.
ABŞ-dan da Vardanyan üçün ürək açan xəbər gəlməyib.