Ruhani: İƏT Şərq və Qərb arasında anlaşmanın açarı olacaq
İran İslam Respublikası prezidenti: Asiyada yeni doğan iqtisadi qüdrətlər dünya iqtisadiyyatının axarını Qərbdən Şərqə doğru dəyişmiş olacaq və bu dəyişiklik 21-ci əsrdə Asiyanı aparıcı gücə çevirəcək.
İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü İqtisadi Əməkdaşlıq Təşkilatının(İƏT) Pakistanın paytaxtı İslamabadda keçirilən 13-cü zirvə toplantısında çıxışı zamanı deyib: Dünya iqtisadiyyatının ürəyi 21-ci əsrin ortalarından Asiyada döyünməyə başlayacaq və iqtisadiyyat üzrə proqnozlara əsasən İƏT gələcəkdə məntəqədə daha artıq əhəmiyyətə malik olacaq.
H.Ruhani həmçinin deyib: Dünyanın bir neçə strateji əhəmiyyətli su yoluna malik olmaq, 5 mühüm dənizin qonşuluğunda yerləşmək və dünyanın əsas enerji ehtiyatlarının bu məntəqədə olması İƏT-ə geo-strateji əhəmiyyət qazandırmış olub. Çünki, Avropa ilə Asiya arasında İƏT-dən daha sərfəli və daha qısa ticarət yolu mövcud deyil.
İran prezidenti daha sonra İƏT-in təsisçilərindən biri olaraq İranın bu təşkilata üzv 6 ölkə ilə müştərək sərhədlərə malik olduğunu xatırladaraq deyib: İran dünyanın ən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, region ölkələri arasında körpü rolunu oynamaq və elm və texnologiya sahəsində böyük bacarığa yiyələnmək ilə İƏT-ə üzv ölkələr arasında birlik və əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində təsirli rol oynamağa qadirdir.
Həsən Ruhani daha sonra deyib: İran tranzit, nəqliyyat, bank və maliyyə əməkdaşlıqları, elm və texnologiya, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, mədəniyyət və turizm, ekologiya və təbii fəlakətlər ilə mübarizə sahələrində də üzv ölkələr ilə əməkdaşlığı müsbət qarşılayır.
İran İslam Respublikası prezidenti terrorizm və təkfirçilik düşüncəsini dünyanın üzləşdiyi ortaq təhdid adlandırıb və bu nəhs fenomen ilə mübarizənin aparılmasını bir zərurət hesab edərək, deyib: Təhlükəsizliyin təmin edilmədiyi zamana kimi inkişaf üçün də aydın perspektiv olmayacaq.
H.Ruhani çıxışının davamında regional məsələlərin həll edilməsi o cümlədən terrorizm ilə təsirli mübarizənin aparılması üçün dağıdıcı rəqabətlərə son qoyulmasını istəyib və deyib: Əfqanıstan, İraq, Suriya və Yəməndə minlərlə insanın ölməsi və bu ölkələrdə milyonlarla insanın öz evindən didərgin düşməsi regionun daxili çəkişmələrə və xarici müdaxilələrə açıq hal almasına səbəb olub.
İran prezidenti sonda deyib: İqtisadi Əməkdaşlıq Təşkilatı region xalqları üçün daha təhlükəsiz atmosferin yaradılması üçün münasib baza hesab olunur və kollektiv təhlükəsizlik sayəsində İƏT-ə üzv ölkələr inkişafın şahidi ola bilərlər.