Böyük “Vilayət-97” hərbi dəniz təlimləri başlandı
Böyük “Vilayət-97” hərbi dəniz təlimləri İran İslam Respublikası ordusunun dəniz qoşunlarının suüstü, sualtı və hava bölmələrinin paradı ilə başlandı.
Böyük “Vilayət-97” hərbi dəniz təlimlərinin sözçüsü kontr-admiral Həmzə Əli Kavyani deyib: İran İslam Respublikası ordusunun strateji dəniz qüvvələrinin böyük manevrinin yekun mərhələsi “Vilayət-97” adı altında və müqəddəs “Ya, Zəhra(s.ə.)!” rəmzi ilə bu gün, fevralın 22-dən bu qüvvələrin suüstü və sualtı gəmi və qayıqları, həmçinin hava bölmələrinin paradı ilə üç gün müddətinə Hörmüz boğazının şərqində və Oman dənizində keçiriləcək.
Kontr-admiral Həmzə Əli Kavyani əlavə edib: Bu mərasimdə onlarla gəmi və qayıq, o cümlədən İran İslam Respublikası ordusunun strateji dəniz qüvvələrinin döyüş esminesləri, raketatan gəmiləri, himayə gəmiləri, ağır və yüngül sualtı qayıqları, hoverkraftları, sabit qanadlı təyyarələri və vertolyotları “Xark” gəmisinin komandanlığı altında iştirak edirlər.
Böyük “Vilayət-97” hərbi dəniz təlimlərinin sözçüsü deyib: Bu manevr Hörmüz boğazının şərqi, Oman dənizi və Hind okeanının şimalı daxil olmaqla iki milyon kvadrat metrdən çox olan bir miqyasda icra olunacaq və bu zaman İranın ölkə sularının qorunması üçün hücum və müdafiə taktiki ssenariləri icra ediləcəkdir. Bəzi mühüm döyüş sistemləri, o sıradan dənizə qarşı Kruz raketləri, torpeda və raket sistemləri suüstü və sualtı gəmilərin üzərindən və aviasiya bölmələrindən yoxlanaraq, dəyərləndiriləcəkdir.
Kontr-admiral Həmzə Əli Kavyani əlavə edib: Ordunun dəniz qoşunlarının Buşehr və Lavan himayə gəmiləri və Bayandor esminesindən ibarət 60-cı eskadrası “Vilayət-97” hərbi dəniz təlimlərinin bir hissəsini icra edəcəklər.