Noy 04, 2025 13:55 Asia/Baku
  • İran adalarına hücum olarsa, dağıdıcı cavab veriləcək

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı qüvvələrin tam hazırlıq vəziyyətində olduğunu vurğulayaraq, deyib: "Ölkənin adaları “möhkəm qalalardır” və orada yerləşən döyüşçülər yüksək iradə və mənəviyyatla ərazi bütövlüyünü qorumağa hazırdırlar".

Kontr-admiral Əlirza Təngsiri ölkənin Fars körfəzindəki adalarında yerləşən xüsusi əməliyyat bölmələrinə baxışı zamanı bildirib: "Düşmənlər İran adalarına olan tamahlarından əl çəkməlidirlər. Adalarımız Fars körfəzi boyunca ölkənin müdafiəsi üçün möhkəm qalalardır və orada polad kimi möhkəm və hazır bölmələrimiz var və düşmən hər hansı bir səhv edərsə, dərhal yerindəcə qətiyyətli cavab alacaq".

SEPAH-ın Dəniz Qüvvələrinin komandanı Fars körfəzində təhlükəsizliyin qorunmasında bölgə ölkələrinin rolunu vurğulayaraq, deyib: "Biz Fars körfəzinin cənub sahilindəki ölkələrə dostluq əlimizi uzadırıq ki, əməkdaşlıq və həmrəylik yolu ilə bu həssas bölgədə davamlı təhlükəsizlik təmin olunsun. Daha əvvəl də bildirdiyimiz kimi, bölgədəki bütün ölkələrin iştirakı ilə birgə təlimlər keçirməyə hazırıq".

Kontr-admiral Təngsiri son on iki günlük müharibəyə toxunaraq, deyib: "Bu müharibədə biz qalib gəldik; çünki düşmən müharibəni başlatdı, amma məqsədinə çatma bilmədi və ona son qoyulması üçün yalvarmaq məcburiyyətində qaldı. Allahın lütfü və İslam döyüşçülərinin əli ilə sionist rejimə elə zərbələr endirildi ki, bunu heç vaxt təsəvvür etmirdi".

"Bu müharibədən sonra bizim hücum və əməliyyat qabiliyyətimiz əvvəlki ilə müqayisədə xeyli artıb və daha hazırlıqlı hala gəlib. Düşmənlər bilməlidirlər ki, qüvvələrimiz ən yüksək hazırlıq səviyyəsindədir və hər hansı səhv peşmanedici cavabla qarşılaşacaq", - deyə SEPAH-ın Dəniz Qüvvələrinin komandanı əlavə edib.