Noy 05, 2025 13:25 Asia/Baku
  • İran parlamentinin sədri İslamabada gedib

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistan Milli Məclisinin sədrinin rəsmi dəvəti ilə və deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri olaraq, bu gün, çərşənbə günü, İslamabada səfər edib. Məqsəd isə iki dost və qonşu ölkə arasında parlament, siyasi və iqtisadi əlaqələri genişləndirməkdir.

Səfər zamanı Qalibaf Pakistan Milli Assambleyası və Senatının sədri və üzvləri ilə danışıqlar aparacaq, eləcə də Pakistanın baş naziri və digər yüksək vəzifəli siyasi rəsmilərlə görüşlər keçirəcək və fikir mübadiləsi aparacaq.

Həmçinin səfər proqramına Pakistanın mühüm mədəni və iqtisadi mərkəzləri hesab edilən Lahor və Kərçi şəhərlərinə səfər və yerli mədəni və dini liderlər, iş adamları və tacirlərlə görüşlər daxildir.

Qalibafı bu səfərdə, bir sıra parlament üzvləri və İran-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, o cümlədən Fədahüseyn Maliki, Məhəmmədnur Dehani, Rəhmdil Baməri, Mehrdad Qudərzənd və Fəzlullah Rəncbər müşayiət edirlər.

Pakistan İslam Respublikası İranın ən çox əhalisi olan qonşusudur və iki ölkə arasında ticarət dövriyyəsi hazırda 3 milyard dolları keçib. Tərəflər dəqiq planlaşdırma və mövcud maneələrin aradan qaldırılması ilə bu həcmi 10 milyard dollara çatdırmaq niyyətindədirlər.