Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
"Ermənistan ərazisinin atəşə tutulması xəbəri yalandır və növbəti təxribatdır"
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən Ermənistan, Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrini gün ərzində intensiv atəşə tutub. Azərbaycan yalnız öz sərhədləri çərçivəsində Ermənistanın həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görüb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan öz sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.