Rusiyalı oliqarx dilə gəldi
Araz Ağalarov: “Mənim 120 milyard borcum var”
Rusiyada əslən azərbaycanlı olan tanınmış oliqarx Ukrayna meharibəsi ilə əlaqədar yaranmış vəziyyətə etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən, Araz Ağalarov “Komsomolkaya pravda” qəzetinə verdiyi müsahibədə külli miqdarda borcunun olduğunu bildirib.
“Mənim 120 milyard borcum var. Rublla. Hazırda heç bir qazanc da yoxdur. İndi üç əsas şeyə ehtiyac var. Müəssisələrin xərc hissəsinin sıfıra endirilməsi, altı aylıq vergi tətili və borclar, gömrük rüsumları üçün möhlət”, - deyə milyarder vəziyyətdən çıxış yollarını göstərib.
İş adamı Rusiyaya qarşı sanksiyalardan dolayı ölkədə yaranmış çətin iqtisadi şəraitdən şikayətlənərək qeyd edib ki, bu gün dolların məzənnəsi ilə bağlı arqumentlər vermək mənasızdır. İndi sadəcə olaraq, ölkə daxilində iş yerlərini xilas etmək lazımdır. Çünki bütün tədarük zəncirləri pozulub, hətta yerli təchizatçılar istehsal etdiklərini vaxtında çatdıra bilmirlər. Belə ki, yerli məhsulların da bir hissəsi xaricdən gətirilən komponentə malikdir.
Ağalarov əlavə edib ki, təkcə daşınmaz əmlak deyil, bütün aktivlər hər zamankından daha ucuzdur. Baxmayaraq ki, indi nəyinsə qiymətini müəyyən etmək çətindir. Birja bağlıdır, heç nə satılmır və alınmır.
O, belə bir təklif irəli sürüb ki, sanksiyalarla əlaqədar Avropa və Amerikadan gələn məhsullar Türkiyə və Cənub-Şərqi Asiya malları ilə əvəz edilsin.
Yeri gəlmişkən bildirək ki, Araz Ağalarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin keçmiş qudasıdır.