Azərbaycan XİN Metyu Millerin bəyanatına münasibət bildirib
“Bölgədə blokada olması iddiaları qəbuledilməzdir”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərh verib.
Şərhdə deyilir: “Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir”.
O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması ABŞ tərəfinə yaxşı məlumdur.