Keçmiş millət vəkili məhkəmə qərarına etiraz edir
Nazim Bəydəmirlinin həbsdə aclığa başladığı bildirilir
Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirlinin saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq etdiyi bildirilir.
Onun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, müvəkkilinin aclıq aksiyası keçirməsi barədə məlumat alıb.
Vəkil deyib ki, Nazim Bəydəmirli bu yolla ona qarşı irəli sürülmüş ittihamların əsassız və qondarma olmasına, həbsinə etiraz edir.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İkinci ittiham bir neçə gün əvvəl verilib.
Lakin o, ittihamların heç birini qəbul etmir, özünü “ekologiya məhbusu” sayır. Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
Bir müddət öncə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Nazim Bəydəmirlinin özünü “ekologiya məhbusu” adlandırdığına görə yeni ittihamlarla hədələndiyini açıqlamışdı.