Ermənilər Azərbaycandan tam razı ayrılıblar
Azərbaycan Respublikası bayrağını təpikləyən Ermənistan vətəndaşı olan 3 futbolçunun Ermənistana təhvil verildiyi bildirilir. Bu barədə görüntülər yayılıb.
Azərbaycan Respublikasının bayrağını təpikləri altına alan 3 nəfər erməniəsilli futbolçu avqustun 28-də "Laçın" sərhəd-buraxılış məntəqəsini keçmək istəyərkən saxlanılıb. Onlar Azərbaycan bayrağını təhqir etsələr də barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad ediliblər və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Avqustun 7-də həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiətilə "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib.
Azərbaycan bayrağını təpikləri altına alan erməni gənclər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.
Sosial şəbəkədə bu barədə gedən müzakirələrdə istifadəçilər həbsdə olan azərbaycanlı tənqidçilərə yaxud dindarlara diqqət çəkir və belə bir sual səsləndirirlər ki, hakimiyyətin hansısa siyasətini tənqid etdiyinə yaxud öz dini inanclarına sadiq qaldığına görə həbs edilənlər ən ilkin hüquqlarından belə məhrum edildiyi halda Azərbaycan bayrağını təpikləri altına alan ermənilərə bu qədər güzəşt edilməsi və onlarla beləcə ehtiramla rəftar edilməsi nədən mənşə alır?