Həbs edilənlərin bütün tayfası ac qalmalıdır?
"AbzasMedia" və "Kanal 13" onlayn nəşrlərin jurnalistləri həbs edildikdən sonra polis jurnalistlərin özlərinin, eləcə də onların yaxın qohumlarının bank kartlarına həbs qoyub.
Turan xəbər agentliyi Jurnalistlərin vəkillərinə istinadla bildirir ki, Bakı Şəhər Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin tələbilə jurnalistlər Hafiz Babalı, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Əziz Orucov, Toğrul Vəliyevin əməkhaqqı hesablarına həbs qoyulub.
Bundan əlavə, Sevinc Vaqifqızının anasının pensiya kartı, Ülvi Həsənlinin bacısının əməkhaqqı hesabı və anasının pensiya kartı, Əziz Orucovun xanımının əməkhaqqı hesabı və anasının pensiya kartı, həmçinin üçüncü qrup əlil kimi Hafiz Babalanın pensiya kartı bloklanıb.
"Kartımın bloklanmasının səbəbi barədə “Kapital Bank"a sorğuda mənə bildirdilər ki, Səbail rayon polis şöbəsinin tələbi əsasında bank hesablarımız dondurulub", - Əziz Orucovun xanımı Lamiyə Orucova Turan-a bildirib.
Bu dünyada ilk dəfədir ki, hərhansı səbəbə görə həbs edilən insanların bütün əqrəbaları gəlirdən məhrum edilir. Barələrində cinayət işi açılmamış həqiqi şəxslərin gəlirlərinin bloklanması insan haqları və hüquq normalarına zidd hesab olunaraq eyni zamanda İnsanların xərclərinin gündəlik xarakter daşıdığını nəzərə almaqla onların ən ilkin haqq hesab olunan yaşam haqqından məhrum edilmələri deməkdir.
Hazırda jurnalistlərin ailə üzvləri öz qohumlarının və yaxınlarının himayəsindədir.
Məlumatda deyilir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti jurnalistlərin valideynlərinin hesablarının bloklanmasının səbəbi barədə sorğuya cavab verməyib.