Azərbaycan Respublikasının baş naziri Tehranda rəsmi səfərdədir
Əli Əsədov İranın vitse-prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Ariflə görüşüb.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Məlumatda qeyd olunur ki, bu görüşdə həmçinin avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Zəngilan - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, ötən gün Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadiq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.