Azərbaycanda sel fəsadlara səbəb olub
Dünən Azərbaycan Respublikasının bəzi rayonlarında əmələ gələn sel müəyyən fəsadlara səbə bolub.
Sputnik.az-ın verdiyi məlumata görə, dünən axşam saatlarında İsmayıllı rayonuna yağan güclü leysandan sonra əmələ gələn sel suları dağətəyi ərazidə yerləşən Göyçayın Qarabaqqal və Bığır kəndlərinin əhalisi üçün təhlükə yaradıb.
Sel suları Qarabaqqal kəndi ərazisindəki zibil poliqonunu dağıdıb, ərazidəki tullantılar yaxınlıqdakı Qarabaqqal və Bığır kəndlərinin suvarma arxlarına tökülüb. Nəticədə arxın suyunu içən ev heyvanları üçün, eləcə də əkin sahələrini suvaran, bu sudan məişətdə istifadə edən insanların sağlamlığı üçün təhlükə yaranıb.
Məlumatda bildirilir ki, Göyçay şəhərinin zibil və tullantıları Qarabaqqal kəndinin yuxarı hissəsinə, mal-qaranın dağlıq ərazidəki örüş sahəsinə tökülür.
Dünən günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda da bir sıra fəsadlar törədib.
Yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb. Ərazidə yerləşən obyektlər su altında qalıb.
Məlumatlara görə, sel xırdabuynuzlu heyvanları da aparıb. Ümumilikdə 7 avtomobil sel suları altında qalıb.